Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynov Bolqarıstanın “Arda” komandasında ilk rəsmi matçına çıxıb.
Arena.az xəbər verir ki, 20 yaşlı müdafiəçinin debütü bu gün baş tutan Plovdiv “Botev”i ilə səfər oyununa təsadüf edib.
Bolqarıstan çempionatının 4-cü turu çərçivəsində baş tutan bu qarşılaşma 2:0 hesabıyla “Arda”nın xeyrinə başa çatıb. Qonaqlar ilk hissədə vurduqları qollar sayəsində inamlı qələbəyə seviniblər. Bu, həm də sözügedən komandanın cari mövsümdəki ilk qələbəsidir. Futbolçumuzun komandası daha öncə keçirdiyi 2 oyundan 1 heç-heçə və 1 məğlubiyyətlə ayrılmışdı.
Hüseynov isə bu görüşün 73-cü dəqiqəsində meydana buraxılıb. O, əvvəlki turlarda sənəd problemlərinə görə debüt edə bilmirdi. Lakin artıq futbolçumuzun bütün problemləri yoluna qoyulub və o, qarşıdakı oyunlarda da komandasına kömək edə biləcək.
“Arda” 4 turdan sonra 4 xalla 16 iştirakçı arasında 6-cı pillədə qərarlaşıb.
Xatırladaq ki, Cəlal Hüseynov Bolqarıstan təmsilçisi ilə bu il iyunun 12-də 3 illik müqavilə imzalayıb. “Arda” onu “Zirə”dən transfer edib.


