“Neftçi” və “Sabah”ın futbol üzrə Avropa Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqibləri müəyyənləşib.
Arena.az xəbər verir ki, bu gün Avropa Konfrans Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçirilib.
3-cü təsnifat mərhələsində Türkiyənin “Beşiktaş” komandası ilə qarşılaşacaq “Neftçi” bu rəqibini keçə bilsə, pley-offda “Dinamo” (Kiyev, Ukrayna) – “Aris” (Yunanıstan) cütünün qalibi ilə üz-üzə gələcək. “Neftçi” – “Beşiktaş” cütünün güclüsü ilk görüşünü səfərdə keçirəcək.
“Sabah” isə 3-cü təsnifat mərhələsində Serbiyanın “Partizan” komandasını mübarizədən kənarlaşdıra bilsə, pley-offda “Styaua” (Rumıniya) – “Nordsyelland” (Danimarka) duelinin qalibi ilə üz-üzə gələcək. “Sabah” – “Partizan” cütündən üstün ayrılacaq komanda pley-offda ilk görüşünü səfərdə keçirəcək.
Qeyd edək ki, Avropa Konfrans Liqasında pley-off mərhələsinin ilk oyunları avqustun 24-də keçiriləcək. Cavab qarşılaşmaları bundan bir həftə sonra baş tutacaq. Bu turnirin 3-cü təsnifat mərhələsinin görüşləri isə 10 və 17 avqustda keçiriləcək.


