“Sabah”ın baş məşqçisi Murad Musayev Avropa Konfrans Liqasında “Partizan”a qarşı keçirəcəkləri ilk oyundan öncə azarkeşlərə müraciət edib.
Arena.az xəbər verir ki, rusiyalı mütəxəssis tərəfdarları komandasına dəstək olmağa çağırıb:
“Hörmətli azarkeşlər. Bir neçə ildir eyni arzu ilə yaşayırdıq – avrokuboklara vəsiqə qazanmaq. Klubun hər bir əməkdaşı ev oyunumuzu doğma meydanımızda keçirmək üçün böyük iş gördü. Sizin də dəstəyinizlə bundan öncə evdə keçirdiyimiz çətin matçda geridönüş edərək tarixi qələbə qazandıq. Biz bunun öhdəsindən gələ bildik. Qarşılığında əldə etdiklərimiz isə tamamilə qiymətsizdir. Dəstəyiniz möhtəşəm idi. İndi bizi doğma meydanda “Partizan”a qarşı daha bir tarixi oyun gözləyir. Dəstəyiniz böyük təsirə malikdir. Gəlin, “Sabah”a dəstək olun. Yolunuzu gözləyirik”, deyə Murad Musayev fanatlara səslənib.
Qeyd edək ki, Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin “Sabah” – “Partizan” oyunu avqustun 10-da Masazırda yerləşən “Bank Respublika Arena”da baş tutacaq. Komandalar arasındakı ilk oyuna saat 20:00-da start veriləcək.
Azərbaycan və Serbiya təmsilçiləri arasındakı cavab qarşılaşması isə avqustun 17-də Belqradda, “Partizan” stadionunda keçiriləcək. Bu oyuna Bakı vaxtilə ilə saat 23:00-da start veriləcək.
“Sabah” Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Latviyanın RFS komandasını mübarizədən kənarlaşdırıb – səfərdə 2:0, evdə 2:1 qalib gəlməklə! “Partizan” isə mübarizəyə elə birbaşa bu mərhələdən qoşulur.
Sonda onu da xatırladaq ki, “Partizan” – “Sabah” cütünün qalibi Avropa Konfrans Liqasının pley-off mərhələsində “Styaua” (Rumıniya) – “Nordsyelland” (Danimarka) duelinin qalibi ilə qarşılaşacaq. Azərbaycan və Serbiya klublarından güclü olan pley-offda ilk görüşünü səfərdə keçirəcək.


