Qana millisinin sabiq yarımmüdafiəçisi, son olaraq “Herta”da forma geyinmiş Kevin-Prins Boatenq peşəkar futbolçu karyerasını başa vurub.
Arena.az xəbər verir ki, tanınmış futbolçu 36 yaşında futbolla vidalaşıb.
Veteran oyunçu sosial şəbəkə hesabında bu sözləri yazıb: “Səni sevirəm. Hər şey üçün çox sağ ol, futbol”.
Xatırladaq ki, Kevin-Prins Boatenq məhz Berlində dünyaya gəlib və “Herta”nın futbol məktəbinin yetirməsidir. O, peşəkar karyerasına da bu komandada başlayıb, 2005-2007-ci illər aralığında “Herta”nın uğurları üçün çalışıb. Təcrübəli oyunçu kayrerasnın sonunda – 2021-ci ildə yenidən bu komandaya qayıtmışdı. Hücumameyilli yarımmüdafiəçi “Herta”da bütövlükdə 91 matça çıxıb, 5 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.
Boatenq karyerası ərzində bu klublarda da forma geyinib:
“Milan” (İtaliya) – 114 oyun, 18 qol, 16 assist
“Şalke” (Almaniya) – 60 oyun, 7 qol, 9 assist
“Ayntraxt” (Frankfurt, Almaniya) – 36 oyun, 6 qol, 2 assist
“Las Palmas” (İspaniya) – 29 oyun, 10 qol, 5 assist
“Portsmut” (İngiltərə) – 27 oyun, 5 qol, 3 assist
“Montsa” (İtaliya) – 25 oyun, 5 qol, 4 assist
“Tottenhem” (İngiltərə) – 24 oyun, 1 assist
“Sassuolo” (İtaliya) – 15 oyun, 5 qol, 1 assist
“Fiorentina” (İtaliya) – 15 oyun, 1 qol
“Borussiya” (Dortmund, Almaniya) – 11 oyun, 2 assist
“Beşiktaş” (Türkiyə) – 11 oyun, 3 qol, 1 assist
“Barselona” (İspaniya) – 4 oyun
Qana yığmasında da oynamış təcrübəli yarımmüdafiəçi millidə 15 oyuna 2 qol vurub. Buna qədər isə o, Almaniyanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında forma geyinib.


