İngiltərə millisinin və “Tottenhem”in mərkəz hücumçusu Harri Keyn bundan sonra Almaniya çempionu “Bayern”in uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, Münhen klubu xeyli müddətdir gündəmdə olan bu transferi nəhayət ki, rəsmən açıqlayıb.
30 yaşlı ingilis hücumçu Almaniya nəhəngi ilə müddəti 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulmuş müqavilə imzalayıb. Keyn “Bayern”də 9 nömrə altında oynayacaq.
Daha əvvəl “Tottenhem”in “Bayern”in 100 milyon avro məbləğdən və əlavə bonuslardan ibarət təklifini qəbul etdiyi bildirilmişdi.
“Bayern”ə keçməzdən əvvəl Keyn bütün karyerasını İngiltərə komandalarında (“Leyton Orient”, “Milluoll”, “Norviç Siti” və “Lester Siti”) keçirib. O, “Tottenhem”in yetirməsidir və karyerasının böyük qismini məhz “Tottenhem”də çıxış edib. İngilis hücumçu 2011-ci ildən “mahmızlar”ın əsas komandasında forma geyinirdi.
Geridə qalmış 2022/2023 mövsümündə Harri Keyn “Tottenhem”in heyətində 49 oyuna çıxıb, 32 qol vurub, 5 məhsuldar ötürmə verib. Onun “mahmızlar”ın heyətində ümumi statistikası isə belədir: 435 oyun, 280 qol, 64 məhsuldar ötürmə.
Maraqlıdır ki, məşhur hücumçu karyerası boyunca fərdi uğurlar qazansa da, bir kubok belə əldə etməyib. O, kapitanı olduğu İngiltərə milli komandasında da 84 matça çıxıb, 58 qola imza atıb.
Yeri gəlmişkən, “Bayern” hücumameyilli yarımmüdafiəçisi Malik Tillmanı da Niderlandın PSV klubuna icarəyə verib. Eyndhoven təmsilçisi 21 yaşlı futbolçunu satınalma şərti ilə qarşıdakı mövsümün sonuna kimi icarəyə götürüb.
Malik Tillman “Bayern”in öz yetirməsidir. O, Almaniya nəhənginin əsas komandasında cəmi 7 matça çıxıb, 1 qola imza atıb. Tillman ötən mövsümü də Şotlandiya “Reyncers”ində icarədə keçirmişdi. ABŞ və Almaniyanın aşağı yaş qrupları üzrə yığmalarında oynamış Tillmanın yekun seçimi Amerika olub. O, 2022-ci ildən dəvət aldığı ABŞ yığmasında 4 matça çıxıb.


