Murad Musayev: “Partizan”dan çəkinmədən oynayacağıq”

“Sabah”ın baş məşqçisi Murad Musayev Avropa Konfrans Liqasında Serbiya “Partizan”ı ilə cavab oyunundan öncə fikirlərini bölüşüb.

Arena.az xəbər verir ki, bu komandalar arasında turnirin 3-cü təsnifat mərhələsi çərçivəsində Masazırda keçirilmiş ilk oyunda Azərbaycan təmsilçisi 2:0 hesablı qələbəyə sevinib.

Cavab görüşü isə sabah Belqradda keçiriləcək. “Partizan” stadionunda baş tutacaq oyuna Bakı vaxtı ilə saat 23:00-da start veriləcək. Bu gün isə oyundan öncə mətbuat konfransları baş tutub.

“Sabah”ın baş məşqçisi Murad Musayev əvvəlcə bunları söyləyib:

“Bir həftə əvvəl Bakıda hər iki komandanın ifasında hücum futbolu izlədik. Sabah “Partizan” evdə oynayır. Rəqibin yaxşı məşqçisi və oyunçuları var. Fikrimcə, onlar irəli atılacaq və qol vurmaq istəyəcəklər. Sabah hər iki komandanın ifasında maraqlı futbol izləyəcəyimizi gözləyirəm. Bizim üçün çətin olacaq. Buna baxmayaraq, heç kimdən qorxmuruq. Rəqibdən çəkinmədən mübarizə aparacaq və öz oyunumuzu sərgiləyəcəyik”.

Rusiyalı mütəxəssis bir neçə oyunçunun zədəli olduğunu vurğulayıb: “Çempionat matçının təxirə salınması ehtimalı mümkün olduqda, bundan istifadə etmək qərarına gəldik. Bunun xeyrimizə olub-olmadığını sabah görəcəyik. Düşünmürəm ki, bu, bizə üstünlük verəcək”.

“Partizan”ın baş məşqçisi İqor Dulyay isə bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:

“Qorxduğumuz üçün yox, arxayınlaşmamaq üçün ehtiyatlı olmalıyıq. Futbolçularımız necə böyük klubda oynadıqlarını bilirlər. Azərbaycan təmsilçisinin çempionatdakı matçı təxirə salınıb. Biz bunu etmədik, görüşlərə belə hazırlaşırıq. Bu, bəhanə də deyil. İlk oyun kabus idi. Amma bütün məsuliyyət mənim üzərimdədir. Futbolçularım haqqında heç vaxt məndən pis söz eşitməyəcəksiniz. Onlara inanıram. Sabah azarkeşlərin dəstəyi olduqca vacibdir. Geridönüş edəcəyimizə ümid edirik. Komanda üzərində təzyiq var və 0:2 hesabından sonra əlavə təzyiqə ehtiyac belə yoxdur. Rəqibin qapalı oynayacağını düşünmürəm. “Sabah”ın əla baş məşqçisi və yaxşı oyunçuları var. Bizi də yaxşı təhlil etmişdilər”.

Xəbəri sosial şəbəkələrdə paylaş: