“Sabah”ın baş məşqçisi Murad Musayev Avropa Konfrans Liqasında “Partizan”a qarşı keçirdikləri cavab oyununu şərh edib.
Arena.az xəbər verir ki, 3-cü təsnifat mərhələsinin ilk oyununda Serbiya klubuna doğma meydanda 2:0 hesabıyla qalib gələn Azərbaycan təmsilçisi səfərdəki görüşdə eyni hesabla məğlub oldu.
Əlavə vaxtda yenə ümumi hesab dəyişmədiyi üçün qalibi penaltilər seriyası müəyyənləşdirdi.
Zərbələri daha dəqiq yerinə yetirən “Partizan” pley-offa vəsiqə qazandığı halda, “Sabah”ın ilk avrokubok macərası da başa çatmış oldu. Matçdan sonra Murad Musayev bunları söyləyib:
“Rəqibə meydanda rahat hərəkət etmək üçün şərait yaratdıq. “Partizan” böyük qüvvə ilə irəli atılmışdı. Bu da bizə sürətli əks-hücumlar etmək üçün yaxşı imkanlar yaradırdı. Lakin bundan faydalana bilmədik. Fasilədən sonra, ikinci qolu buraxdıqdan sonra oyun sakit məcrada keçdi. Əlavə vaxtda sərgilədiyimiz oyundan razı qaldım. Sonradan meydana çıxan futbolçular hücumda yaxşı oyun sərgilədilər. Bir neçə fürsətimiz olsa da, dəyərləndirə bilmədik. Təəssüf ki, penaltilər seriyasında məğlub olduq.
Avrokuboklarda keçirdiyimiz bu 4 matç bizə böyük təcrübə qazandırdı. Bu, bir çox oyunçunun ilk avrokubok təcrübəsi idi. “Partizan” böyük təcrübəyə malik komandadır. Onları növbəti mərhələyə keçmələri münasibəti ilə təbrik edir, qarşıdakı oyunlarda uğurlar arzulayıram”.
“Sabah”ı keçəcəyimizə inanırdım”
“Partizan”ın baş məşqçisi İqor Dulyay isə qələbəni belə şərh edib:
“Fantastik ab-hava olmasaydı, buna nail ola bilməzdik. Futbolçular meydanı “yırtdılar”. Mərhələni keçəcəyimizə inanırdım. Bu, futbolçuların əməyidir. Oyundan əvvəl danışdığım bütün məşqçilərə, Bata Mirkoviçə, Qordan Petriçə təşəkkür edirəm… Bu həm də sizin qələbənizdir”.
Xatırladaq ki, “Sabah” bu mövsüm tarixində ilk dəfə avrokuboklarda iştirak etdi. Musayevin yetirmələri Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Latviyanın RFS komandası ilə qarşılaşmalardan qalib ayrılmışdı. Səfərdə 2:0 qalib gələn “bayquşlar” Masazırdakı görüşdə də 2:1 hesablı qələbəyə sevimişdilər.


