Ötən gün futbol üzrə Ukrayna çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 4-cü turunun oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, azərbaycanlı futbolçular – Dmitri Nağıyevlə Emil Mustafayevin komandaları da növbəti matçlarına çıxıblar.
Mustafayevin formasını geyindiyi “Polesye” elitadakı dördüncü matçında LNZ ilə qarşılaşıb. Səfərdə baş tutan bu oyun futbolçumuzun komandasının 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Emil də bu görüşün iştirakçısı olub. O, bu matçın start heyətində meydana çıxıb və fasilədə əvəzlənib.
Nağıyevin formasını geyindiyi “Obolon” isə bu turda “Dnepr-1” ilə üz-üzə gəlib. Futbolçumuzun komandası səfərdə baş tutan bu oyundan qələbə ilə ayrılıb – 2:1. Dmitri bu oyuna start heyətdə başlayıb və 61-ci dəqiqədə əvəzlənib.
4 turdan sonra “Polesye” 6 xalla 16 iştirakçı arasında 8-ci, “Obolon” isə 4 xalla 9-cudur.
“Polesye” Ukrayna Premyer Liqasının 5-ci turu çərçivəsində avqustun 26-da “Aleksandriya” komandasının qonağı olacaq. “Obolon” isə ayın 28-də səfərdə “Krivbas”la üz-üzə gələcək.


