Avropa Liqasının pley-off mərhələsinin “Olimpiya” – “Qarabağ” matçını Azərbaycan telekanallarından heç biri canlı yayımlamır.
Arena.az xəbər verir ki, Sloveniya və Azərbaycan çempionları arasında bu gün Lyublyanada baş tutan ilk qarşılaşmanı “İdman TV” ölkəmizdə canlı göstərməli idi.
Lakin artıq ilk hisssəsi geridə qalan oyun nə “İdman TV”, nə də digər telekanallarımız tərəfindən yayımlanır. Bu isə bütün futbolsevərlərin və idman ictimaiyyətinin böyük və haqlı narazılığına səbəb olub.
Artıq “Qarabağ” klubu bununla bağlı rəsmi açıqlama yayıb. Ağdam klubunun rəsmi açıqlamasında bunlar qeyd olunub:
“Hörmətli azarkeşlər! “Olimpiya” – “Qarabağ” qarşılaşmasının yayım hüququnun öhdəliyini “İdman Azərbaycan” kanalı öz üzərinə götürmüşdü. Lakin texniki səbəblərdən “İdman Azərbaycan” bu oyunu canlı yayımlaya bilmir. Yayımla bağlı məsuliyyəti birbaşa “İdman Azərbaycan” kanalı daşıyır”.
“İdman Azərbaycan” da rəsmi açıqlama yaymaq məcburiyyətində qalıb. Telekanalın açıqlamasında isə bunlar qeyd olunub:
“Əziz izləyicilər, texniki problem səbəbilə “Olimpiya” – “Qarabağ” matçını yayımlaya bilmirik. Baş verən hadisədən dolayı təəssüflənirik. Diqqətiniz üçün təşəkkür edirik!”
Xatırladaq ki, birinci hissəsi geridə qalmış “Olimpiya” və “Qarabağ” komandalarının oyununda Azərbaycan çempionu artıq 2:0 hesabıyla öndədir. Matçda hesabı 32-ci dəqiqədə künc zərbəsi zamanı başla dəqiq oynayan Kevin Medina açıb. Fasilə ərəfəsində – 44-cü dəqiqədə isə Leandro Andrade Redon Cicanın qapı önünə ötürməsini dəqiq zərbə ilə tamamlayıb. İkinci qoldan az öncə hakim Ağdam təmsilçisinin təmiz penaltisini verməyib.


