“Neftçi”nin baş məşqçisi Adrian Mutu Azərbaycan Premyer Liqasının 4-cü turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, rumın mütəxəssis 2:0 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Çətin oyun oldu. Azlıqda qalsaq da, rəqibdən daha yaxşı mübarizə apardıq. Yekunda 3 xal qazandıq. Bu gün çoxlu epizodu yaratmağı bacardıq.
Kenni Sayef bu gün özünü yaxşı tərəfdən göstərdi. Həmin mövqedə Azər Əliyev də var. O mövqeyə yeni oyunçu almağı düşünmürük.
Sağ cinah vingeri və hücumçu transfer etmək istəyirik. Danışıqlar yekunlaşmaq üzrədir. Bir neçə günə transferlər bitəcək.
Bu mövsüm qarşıya qoyulan məqsədlərə çata bilərik. Artıq avrokuboklardan kənarıq. Daxili oyunlara köklənməyə daha çox vaxtımız var”.
Baş məşqçi bu oyunda qırmızı vərəqə alan qapıçı Rza Cəfərov və növbəti dəfə qol vurmağa nail olan Rəhman Hacıyev haqqında da fikirlərini bölüşüb:
“Gənc oyunçular haqda şərh vermək istəmirəm. Rza bundan qabaqkı matçda yaxşı oynadı. Bu gün etdiyi səhv onun üçün dərs olar, bundan nəticə çıxarar. Rza Azərbaycan üçün gələcəkdə yaxşı, perspektivli qapıçı ola bilər. Rəhman da çox yaxşı oyun nümayiş etdirir. Məşqlərdə də özünü yaxşı tərəfdən göstərir. Layiq olduğu üçün start heyətində oynadı. Öz performansı ilə buna layiq olduğunu göstərir. Ümid edirəm ki, bundan sonra daha da yaxşı oyun göstərəcək.
Adrian Mutu “Neftçi”yə Rumıniyadan futbolçu gətirməməsinə də şərh verib: “Gətirə bilməmişiksə, demək ki, xoşuma gələn olmayıb. Xoşuma gələnlərin də ya qiyməti yüksək olur. Ya da klubları ilə müqavilələri var”.
Elmar Baxşıyev istefa verməyin əleyhinə deyil
“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev isə bumövsümkü ardıcıl 4-cü məğlubiyyətlə bağlı bunları dilə gətirib:
“Oyuna nəzarəti ələ almağı hədəfləmişdik. Birinci hissədə komanda istədiyimi meydanda verməyə çalışırdı. Amma bu mövsüm konsentrasiyanı anidən itiririk və qapımızda qollar görürük. Toparlanmaq lazımdır. Belə davam etsək, uçurumda olacağıq. Qarşıdakı günlərdə komanda ilə daha ətraflı danışacağıq.
Kristof Atanqana səhvlər etsə də, ona qədər digər oyunçularımızın da səhvləri olur. Rəşad Əzizli bizə zədəli gəlib. Qolu sınmışdı. Onu zədəli-zədəli götürüb bərpa etmişik. İnanmasaydıq, bizimlə olmazdı. O da şans qazanacaq. Onun qapıda olmamasının səbəbi tam bərpa olunmaması ilə bağlıdır.
“Qəbələ”də yeni deyiləm. Burada futbolçu kimi karyeramı bitirmişəm, uğurlar qazanmışam. Mənə güvənən insanlar var. Getməyim “Qəbələ”nin xeyrinə olacaqsa, mən burada heç nədən yapışmamışam. Qaçmaq fikrində də deyiləm. Toparlanmaq lazımdır. Komanda bəzi epizodlarda göstərir ki, futbol bacarığı yaxşı səviyyədədir. Hər bir qərara açığam. “Qəbələ” üçün daha yaxşı olacaqsa, mənimlə danışığa gedə bilərlər.
Heyətlə bağlı dəyişiklərin keyfiyyətə ciddi təsir etdiyini deməzdim. Gedənləri nəzərə alsaq, üç ilin komandasıydıq. Oyunçular bir-birinə adaptasiya olmuşdu. Bu futbolçulara inanıb dəvət etmişik. Komanda şəklində daha yaxşı olmağa cəhd etmək lazımdır. Əlbəttə, maliyyə daha dayanıqlı olsaydı, həmin futbolçular qalardı. Gedənin yerini doldurmaq çətin olur. Ümidsiz deyilik. Mövqelər var ki, daha çox oyunçu lazımdır. Çempionatımızın ən çox top buraxan, ən az qol vuran komandasıyıq. Mövqelər var ki, güclənmək vacibdir. Gözləyirik”.


