Futbol üzrə Qazaxıstan yığmasının və Rusiyanın ÇSKA (Moskva) klubunun yarımmüdafiəçisi Bəxtiyar Zaynutdinov “Beşiktaş”a keçib.
Arena.az xəbər verir ki, bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb.
25 yaşlı futbolçu ilə 4 illik (2027-ci ilin 30 iyununa kimi) müqavilə imzalanıb. “Beşiktaş” bu transfer üçün 4,5 milyon avrosundan keçib.
Bəxtiyar Zaynutdinov Qazaxıstanın “Taraz” klubunun yetirməsidir. O, bir müddət ölkəsinin “Astana” klubunun da formasını geyindikdən sonra 2019-cu ildə Rusiya “Rostov”una keçib. Məhz bu komandadakı çıxışı sayəsində yarımmüdafiəçi 2020-ci ilin avqust ayında 2 milyon avro qarşılığında Moskva ÇSKA-sına transfer edilmişdi. Qazax futbolçu paytaxt klubunda 83 oyun keçirib, 7 qol və 8 assistlə yadda qalıb.
“Beşiktaş” üç futbolçusu ilə də yollarını ayırıb. İstanbul klubu öz yarımmüdafiəçisi Kərəm Atakan Kesgini Super Liqanın digər təmsilçisi “Fatih Karagümrük”ə icarəyə verib. 22 yaşlı futbolçu bu mövsümün sonuna kimi icarədə olacaq. “Bucaspor”un yetirməsi olan, “Göztəpə” və “Sivasspor”da da oynamış Kərəm, ötən ilin avqustundan “Beşiktaş”da forma geyinir. O, bu komandada cəmi 8 oyuna çıxıb. Yarımmüdafiəçi Türkiyənin aşağı yaş qrupları üzrə yığmalarında da forma geyinib.
“Beşiktaş” mərkəz müdafiəçisi Fransisko Monteronu da Portuqaliyanın “Aroka” klubuna icarəyə verib. 24 yaşlı ispan da mövsümün sonuna kimi icarədə çıxış edəcək. “Qara qartallar” onu vaxtilə Madrid “Atletiko”sundan 750 min avroya transfer ediblər. “Beşiktaş”da 46 oyuna 2 qol və 2 assist müəllifi olmuş futbolçu ötən mövsüm “Hamburq”da da icarədə olub. Montero ölkəsində “Atlletiko”dan başqa “Deportivo”nun da uğurları üçün çalıışıb.
“Beşiktaş”ın digər sağ cinah müdafiəçisi Kərəm Kalafat da “Çorum”a keçib. 22 yaşlı futbolçu yetirməsi olduğu İstanbul klubunun əsas komandasında cəmi 5 oyuna çıxıb, 1 assistlə yadda qalıb. O, daha öncə icarə əsasında “Uşak Spor”, “Girəsunspor” və “Rizəspor”da da oynayıb.


