Ayaz Quliyev: “Sabah” mənim sevdiyim tərzdə oynayır”

“Sabah”ın yeni transferi, Azərbaycan əsilli rusiyalı futbolçu Ayaz Quliyev Bakı klubuna keçidi ilə bağlı fikirlərini bölüşüb.

Arena.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi yeni klubunun rəsmi saytına açıqlamasında bunları söyləyib:

“Bu komandada olduğum üçün çox şadam. Çünki “Sabah” gənc komanda olmasına baxmayaraq, kifayət qədər yaxşı nəticələrə imza atıb. Ən əsası isə bu komandanın dominant pressinq və topa nəzarət üzərində qurulmuş özünəməxsus oyun üslubu var. Hansı ki, uşaqlıqdan bu cür oyun tərzini bəyənirəm. Lakin ən əsası klubun mənim xidmətimdə maraqlı olmasıdır. Düşünürəm ki, bu, ən mühüm olanıdır. Komandanın oyunlarını izlədikdə sərgilənən futbolun mənim sevdiyim tərzdə olduğunu gördüm. Buna görə, fikirləşirəm ki, hər şey yaxşı olacaq”.

“Sabah”ın baş məşqçisi Murad Musayev də Ayaz Quliyevin bu kluba keçidinə münasibət bildirib. O, Rusiya mətbuatına açıqlamasında bunları söyləyib:

“Ayaz Quliyevlə danışıqlar kifayət qədər asan keçdi. Futbolçu özü “Sabah”a keçmək istəyirdi”.

Təcrübəli mütəxəssis Rusiyanın “Ximki” klubundan 400 min avro qarşılığında transfer etdikləri yarımmüdafiəçinin Azərbaycan vətəndaşlığı almaq perspektivinə də toxunub:

“Fikrimcə, Ayaz yaxın zamanda Azərbaycan pasportu alacaq. Bu, yerli çempionatda legioner limiti ilə bağlı vacibdir. Məsələnin hazırda hansı mərhələdə olduğunu bilmirəm. Əminəm ki, futbolçu ən yaxşı formasını bərpa edəcək və Azərbaycan millisini gücləndirə biləcək”.

Xatırladaq ki, Ayaz Quliyev “Sabah”la 3 illik müqaviləyə imza atıb. O, “bayquşlar”ın heyətində 8 nömrəli formanı geyinəcək.

“Spartak” (Moskva, Rusiya) klubunun yetirməsi olan Ayaz bu klubun həm əvəzedici, həm də əsas komandasında (2013-2017, 2018-2020) forma geyinib. O, həmçinin Rusiyanın “Anji” (2017-2018), “Rostov” (2018), “Arsenal” (Tula, 2021/22), “Ximki” (2022-2023) klublarında çıxış edib.

Xəbəri sosial şəbəkələrdə paylaş: