Adrian Mutu: “Yaxın günlərdə yeni transferlər olacaq”

“Neftçi”nin baş məşqçisi Adrian Mutu Azərbaycan Premyer Liqasının 5-ci turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, rumıniyalı mütəxəssis 1:0 hesabıyla qalib gəldikləri səfər matçından sonra baş tutan mətbuat konfansında bunları söyləyib:

“Çox vacib üç xal qazandıq. Meydança amili bizə çətinlik yaradırdı. Amma üç xalı qazandığımıza görə şadam. Futbolçularımın hamısını qələbə münasibəti ilə təbrik edirəm. Bu cür meydanda oynamaq elə də asan deyil. Ancaq üç xalı qazana bildik. Bəzən çətinliklər olur, lakin sonda qazanılan qələbə insanı sevindirir.

Dieqo Valdes komandaya bir neçə gün öncə qoşulub. Bundan əvvəlki oyunda ona şans vermədim. İstədim ki, oyunumuza, məşqimizə baxıb komandaya uyğunlaşsın. Bu gün bir neçə dəqiqə oynadı. Ondan yararlanıb qol da vurdu. Göstərdi ki, qol da vura bilir. Onun performansı məni sevindirir.

Ümumi götürsək, çətin dövrdən keçdik. Qarşıda yaranacaq fasilə dönəmində öz üzərimizdə yaxşı çalışacağıq ki, daha uğurlu çıxış edək”.

Adrian Mutu komandaya yeni oyunçuların cəlb olunacağını da açıqlayıb: “Yaxın günlərdə yeni transferləri görəcəksiniz. Həmin transferlərdən sonra bizim üçün pəncərə bağlanacaq. Daha yaxşı, daha güclü heyət qurmaq istəyirik. Amma əlimdə olan futbolçuların da çıxışından razıyam”.

Samir Abasov: “Heç-heçə daha ədalətli nəticə olardı”

“Sumqayıt”ın baş məşqçisi Samir Abasov isə komandasının cari mövsümdəki ilk məğlubiyyəti barədə bunları söyləyib:

“Neftçi”ni qələbə münasibətilə təbrik edirəm. Pis oynamadıq, futbolçularımı da paltardəyişmə otağında təbrik etdim. Doğrudur, görəcəyimiz işlər çoxdur. Məncə, komanda 3-4 turdan sonra fiziki sarıdan tam hazır olacaq. Oyunumuz da pis alınmadı. İlk yarıda iki qapıda da epizodlar olmadı. Konsentrasiyamız yaxşı idi. Qol buraxdıqdan sonra daha yaxşı oynadıq. Böyük qüvvə ilə irəli getdik. Daha yaxşı olacağıq. Çünki komandamız gec yığışıb, transferlərimiz də gec gəlib. Amma buna görə heç kimi qınamıram.

Rəqibin qol vurmaq üçün az epizodu olsa da, onu dəyərləndirməsi ustalıq tələb edir. “Neftçi” də bunu göstərdi. Öz komandamın adına deyirəm ki, yaxşı oynadıq. Heç kim oyundan qopmadı. Uduzmasaydıq, heç-heçə olsaydı, daha yaxşə əhval-ruhiyyədə olardıq. Bəlkə də, ədalətli nəticə elə heç-heçə idi.

Ötən il mən komandaya gələndən sonra yeddi oyuna bir qol vurmuşduq, onu da penaltidən. İndi hər oyuna orta hesabla iki qol vururuq. Müdafiədə komanda şəklində çox diqqətliydik. İlk yarıda korner də olmadı. “Neftçi”nin heç qapımıza yaxınlaşmasına imkan vermədik. Kamran Quliyev epizodu vura bilmədi, davamında qapımızda qol gördük. Belə şeylər olur. Müdafiədən narazı deyiləm. Baxmayaraq ki, tez-tez rotasiyalar edirik. Yeni gələnlərə də şans veririk ki, oynasınlar, tez formaya düşsünlər.

Heyətimiz hələ tam komplektləşib. Yeni vinger gözləyirik. Danışıqlar gedir. İki-üç gün əvvəl zəng gəlib ki, bu oyunçu sizə yenə maraqlıdır? Biz deyirik ki, bəli. Sonra yenidən “itirlər”. Amma üç nəfərlə danışırıq. Vingerin keçidini həll etdikdən sonra tam komplektləşmiş saymaq olar”.

Xəbəri sosial şəbəkələrdə paylaş: