Azərbaycan Premyer Liqasında mübarizə aparan “Sabah”ın sol cinah vingeri Jarl Marqarita Kurasao yığma komandasına dəvət alıb.
Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, Kurasao millisi KONKAKAF Millətlər Liqası çərçivəsində sentyabrın 8-də Trinidad və Tobaqo, sentyabrın 11-də isə Martinika yığması ilə qarşılaşacaq. Kurasao yığmasının məşqçilər korpusu Marqaritanın da bu oyunlarda iştirakına qərar veriblər. O, yaxın günlərdə millinin düşərgəsinə yollanacaq.
Xatırladaq ki, Jarl Marqarita “Sabah”a bu yay Niderlandın “TOP Oss” klubundan 500 min avro müqabilində transfer olunub. 23 yaşlı futbolçu paytaxt təmsilçisində 7 oyuna çıxsa da, hələ məhsuldar göstərici ilə yadda qalmayıb.
Marqarita “Sabah” və “TOP Oss” klublarından öncə “Hogeven”, “Almere Siti” kimi komandalarda da forma geyinib. O, Kurasao yığmasında hələ rəsmi matça çıxmayıb.


