Samuel Tetteh “Qəbələ”də – Rəsmi

Futbol üzrə Qana milli komandasının və Türkiyənin “Adanaspor” klubunun hücumçusu Samuel Tetteh “Qəbələ”yə keçib.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

27 yaşlı futbolçu “qırmızı-qaralar”la 2 mövsümlük müqaviləyə imza atıb.

Qeyd etdiyimiz kimi, Samuelin son klubu “Adanaspor” olub. 2021-ci ildən Türkiyə təmsilçisində forma geyinən forvard bu komandada 56 oyuna 13 qol vurub, 4 assistlə yadda qalıb. O, icarə əsasında “Bandırmaspor”da (2023) da çıxış edib – 12 oyun, 1 qol, 1 məhsuldar ötürmə.

Tetteh karyerası ərzində Qanada VAFA (2014-2016), Avstriyada “Liferinq” (2016-2017), “Red Bull” (2017-2021), LASK (2018-2020, icarə), “Sankt-Polten” (2021, icarə), ABŞ-da “Nyu-York Red Bull” (2020, icarə) klublarının şərəfini qoruyub.

Qananın U-20 yığmasında da oynamış hücumçu 2015-ci ildən ölkəsinin əsas millisində debüt edib. Samuel Tetteh Qana milli komandasında 8 matçda 1 qol vurub.

“Qəbələ” daha öncə Ahmed Ayzaya, Zurab Oçiqava, Lukas Afriko, Gilad Abramov, Osama Xalayla, Rauf Hüseynli, Bilel Auaşeriya və Rəşad Əzizlini də heyətinə qatmışdı. İlkin Qırtımov, Ürfan Abbasov, Murad Musayev, Emil Səfərov, Ülvi İsgəndərov, Kristof Atanqana və Omar Hani isə klubla yeni müqaviləyə imza atıblar.

Əvəzində Məqsəd İsayev, Ramon Maçado, Səlahət Ağayev, Andrey Strijak, Felipe Santos, Rövlan Muradov, İsnik Alimi, Ruan Renato və Rafael Utziq komandanı tərk ediblər. Rüfət Əhmədov da “Kəpəz”ə icarəyə verilib.

Xəbəri sosial şəbəkələrdə paylaş: