Asif Əsgərov ECA-nın İcraiyyə Şurasına üzvü seçildi!

“Qarabağ”ın İdarə Heyətinin üzvü və baş meneceri Asif Əsgərov Avropa Klublar Birliyinin qərarverici orqanı olan İcraiyyə Şurasına üzv seçilib.

Arena.az xəbər verir ki, o, qurumun Berlində təşkil olunan Assambleyası çərçivəsində bu gün keçirilən seçkidə klubların səs çoxluğunu qazanıb.

Nəticədə Əsgərov 2023-27-ci illər üçün bu qurumda təmsil olunmaq hüququ qazanıb. Onun namizədliyini Avropanın bir neçə aparıcı klubu irəli sürmüşdü.

Bununla da Asif Əsgərov beynəlxalq nüfuzlu futbol qurumlarının rəhbər və qərarverici orqanlarında təmsil olunan ilk azərbaycanlı kimi tarixə düşüb.

Xatırladaq ki, Avropa Klublar Birliyi (ECA) özündə qitənin 500-ə qədər klubunu birləşdirir. Azərbaycandan həmin təşkilatda “Qarabağ”, “Qəbələ”, “Neftçi” və “Sumqayıt” klubları təmsil olunur. Yeri gəlmişkən, Berlindəki tədbirə “Qarabağ”dan Asif Əsgərovla yanaşı, Emrah Çelikel də yollanıb. “Sumqayıt”ı tədbirdə klub prezidenti Riad Rəfiyev, “Neftçi”ni baş icraçı direktor Fərrux Mahmudov, “Qəbələ”ni isə klubun baş meneceri Nail Kərimov təmsil edir.

2008-ci ildə təsis olunmuş ECA UEFA-nın tanıdığı yeganə klub təşkilatıdır. Qurum Avropada klubların maraqlarını müdafiə edir. Qitənin bütün TOP klubları bu quruma üzvdürlər. Avropada klub yarışları (UEFA Çempionlar Liqası, Avropa Liqası, Avropa Konfrans Liqası) məhz ECA-nın tövsiyəsindən sonra UEFA tərəfindən nəzərə alınmaqla keçirilir. Ümumiyyətlə, ECA bu gün Avropa klubları üçün böyük əhəmiyyət daşıyan, söz sahibi olan mötəbər qurumdur.

Əlavə edək ki, ECA-ın İcraiyyə Şurasında 24 nəfər təmsil olunur. Bugünkü seçkiyə qədər quruma və Şuraya PSJ-nin prezidenti, məşhur ərəb iş adamı Nasser Əl-Xelaifi rəhbərlik edir. Həmçinin Şura üzvlüyündə “Ayaks”, “Atletiko”, “Arsenal”, “Tottenhem”, “Borussiya” (Dortmund), “Bayer”, “Roma”, “Milan”, “Fənərbaxça” kimi klubların rəhbər şəxsləri də təmsil olunur.

Xəbəri sosial şəbəkələrdə paylaş: