“Tuttosport”un əməkdaşı Massimo Franki rusiyalı hücumçu Aleksandr Kokorinin “Fiorentina”dan Kipr “Aris”inə keçidinə münasibət bildirib.
Arena.az “Legalbet” dərgisinə istinadən italiyalı jurnalistin bu xüsusda fikirlərini diqqətinizə çatdırır:
“Kokorin “Fiorentina”ya gərək deyildi. Heyətə baxın: “Spetsiya”da qol vuran Mbala N’Zola, “River Pleyt”dən Lukas Beltranı alıblar, Kristian Kuame var. Kokorin üçün heç bir imkan yoxdur. “Fiorentina” ondan qurtulmalı idi və onlar bunu bacardılar. Bu oyunçu – futbol səhvidir. Başa düşmürəm ki, o, A Seriyasına necə düşüb”, deyə Franki təəccübünü ifadə edib.
Aleksandr Kokorin “Fiorentina”ya 2021-ci ilin yanvarında Moskva “Spartak”ından keçib. Rus hücumçunun “bənövşələr”in heyətində ümumi statistikası təəccüb doğurur – məhsuldar fəaliyyəti ilə diqqət çəkmədiyi 12 oyun.
Kokorin ötən mövsüm icarə əsasında Limasol “Aris”ində çıxış edib. Rusiyalı hücumçu Kipr komandasının heyətində 30 oyun keçirib, 13 qol vurub, 6 məhsuldar ötürmə verib və ölkə çempionu olmaqla yanaşı, Kipr yüksək divizionunun ən yaxşı oyunçusu seçilib. Kokorin 2024-cü ilin may ayının sonuna qədər “Aris”in heyətində icarədə olacaq.
Kokorin 2011-ci ilin noyabr ayında debüt etdiyi Rusiya yığmasının heyətində 48 oyuna çıxıb, 12 qol vurub, 6 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 32 yaşlı Aleksandr Kokorini 1 milyon avro məbləğində qiymətləndirir.


