Marko Yankoviç üçün millidə 84 dəqiqə və 3 xal

Azərbaycan çempionu “Qarabağ”ın mərkəz yarımmüdafiəçisi Marko Yankoviç Monteneqro yığmasında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, onun formasını geyindiyi komanda bu gün AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində Bolqarıstan yığması ilə qarşılaşıb.

Qrup mərhələsinin 6-cı turu çərçivəsində baş tutan bu qarşılaşma Monteneqroda keçirilib. Üç qolun qeydə alındığı oyunda Yankoviçin komandası qalib gəlib – 2:1.

Yankoviç bu oyuna start heyətdə başlayıb və 84-cü dəqiqədə, hesab 1:1 olarkən əvəzlənib. Monteneqro yığması qələbə qolunu 90+6-cı dəqiqədə vurub.

G qrupunda yer alan Monteneqro yığması 5 oyundan sonra topladığı 8 xalla 5 komanda arasında 3-cü pillədə qərarlaşıb. Sözügedən komanda növbəti matçını oktyabrın 17-də səfərdə Serbiya yığmasına qarşı keçirəcək.

Xatırladaq ki, Marko Yankoviç 2016-cı ildə debüt etdiyi Monteneqro yığmasında 41 oyun keçirib, 1 qola imza atıb. O, 2022-ci ilin iyul ayından “Qarabağ”ın uğurları üçün çalışır.

Xəbəri sosial şəbəkələrdə paylaş: