Şahin Diniyev: “Kəpəz” üzərində qələbəyə layiq idik”

“Səbail”in baş məşqçisi Şahin Diniyev Premyer Liqanın 6-cı turu çərçivəsində “Kəpəz”ə qarşı keçirdikləri səfər oyununu şərh edib.

Arena.az xəbər verir ki, o, 3:0 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Hesab bizi aldatmasın. Çətin oyun oldu. Meydançanın ideal olmaması topa nəzarətdə problem yaradırdı. Əlimizə düşən fürsətlərdən istifadə etdik. Bir neçə qol epizodumuz da var idi. Amma inanın, ən çətin oyunlarımızdan birini keçirdik. İlk hissədə mənim istədiyim futbolu oynaya bilmədik. Artıq komandanın oyunu var, həm də nəticəyə oynaya bilirik. “Kəpəz”ə qol epizodu vermədik. Müdafiədə etibarlı oynadıq, hücumda kreativ oynamağa çalışdıq. Qələbəyə layiq idik. Matçdan əvvəlki analizlərimizdə bizi çətin oyunun gözlədiyini düşünürdük. “Kəpəz”in cinahlarını bağladıq, Abdullah Şuaybunun sürətini “söndürə” bildik”.

“Kəpəz”in baş məşqçisi Azər Məmmədov isə darmadağınla bağlı bunları söyləyib:

“Səbail” son iki oyunda qələbə qazanmışdı. Biz də bu gün qələbə qazanmaq istəyirdik. Bizdən yuxarı pillədə olan komandalara yaxınlaşmaq istəyirdik. Təəssüf ki, məğlub olduq. Oyunumuz alınmadı. Təhlil edəcəyik. Çatışmayan cəhətlərimiz var. Rəqib qələbəyə layiq idi. “Neftçi” ilə oyundakı istəyi son matçlarda görə bilmirik. Problemləri kənardan özüm də sezirəm. Öz maliyyə imkanımıza görə ən yaxşısını etməyə çalışırıq. Hər komandada bu vəziyyət olur. Vəziyyətdən çıxış yolu tapmalıyıq. Bu da mənim üzərimə düşür. Çatışmayan cəhətləri düzəltməliyik.

Qapıçı səhvi futbolçulara təsir edir. Bundan sonra oyunçuların özünə gəlməsi çətin olur. Komanda psixoloji cəhətdən bərpa ola bilmir. Bəli, qırılma nöqtəsi ikinci dəqiqədə buraxılan qol idi. Son üç oyunun ilk hissəsində qol buraxırıq. Gəncədə üç məğlubiyyəti biz də istəməzdik. İnanıram ki, komandanı düzəldəcəyik.

“Neftçi”, “Qarabağ” kimi komandalardan xal almışıq. Bu uşaqlara çox güvənirəm. İnanıram ki, dəyişiklik olacaq. Qlobal problem yoxdur. Təəssüfləndirici məqam odur ki, üç oyundur evdə uduzuruq. Çox pis vəziyyətdə deyilik. Xallarımızı artıracağıq.

Şahin Diniyevlə çox isti münasibətim var. O, mənim müəllimimdir. Ondan çox şey öyrənmişəm. Amma bu idmandır. Bu gün mənim qarşımda “Səbail” var idi və istəyirdim ki, onları məğlub edək”.

Xəbəri sosial şəbəkələrdə paylaş: