Aksel Nqando “Araz-Naxçıvan”da – Rəsmi

Fransadan olan hücumameyilli yarımmüdafiəçi Aksel Nqando bundan sonra “Araz-Naxçıvan”ın uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, Premyer Liqa təmsilçisi onu heyətinə qatdığını açıqlayıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Xəbərdə bildirilir ki, Fransa vətəndaşı olan Nqando artıq Bakıdadır. Tibbi müayinədən keçən futbolçu ilə imzalanan müqavilə mövsümün sonuna qədər nəzərdə tutulub.

Klub karyerası zəngin olan Aksel Nqando “Renn”, “Oser”, “Anje”, “Bastiya” ilə yanaşı, Türkiyə “Göztəpə”sində də özünü sınayıb. Yarımmüdafiəçinin son klubu Fransada “Qrenobl” olub. Amma o, iki mövsüm ərzində bu komandada cəmi 23 matça çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

30 yaşlı yarımmüdafiəçi müxtəlif illərdə Fransanın U-18, U-19, U-20 və U-21 yığmalarında da çıxış edib.

Xatırladaq ki, “Araz-Naxçıvan” bu yay Nuno Rodriqes, Vanderson Kavalkante Melo, Abdulla Rzayev, Turan Manafov, Nihat Qurbanlı, Nicat Süleymanov, Elçin Mustafayev, Semir Bukviç, Miço Kuzmanoviç, Numan Kurdiç, Zamiq Əliyev, Məhəmməd Kadiri, İsmail Azzaui, Elvis Maşike, İqor Ribeyro və Kristian Avram kimi futbolçuları da heyətinə qatmışdı.

Şahin Zəkiyevi “Karvan”a icarəyə verən Naxçıvan klubunda Orxan Əliyev, Vüsal Şabanov, Tuqay Əlizadə, Bayraməli Qurbanov, Həzrət İsayev və Vadim Abdullayevlə də yeni müqavilə imzalanıb.

“Araz-Naxçıvan” uzun fasilədən sonra yenidən qayıtdığı Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümünə uğurlu start verib. Komanda 6 oyuna topladığı 10 xalla 5-ci pillədə qərarlaşıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: