Cəlal Hüseynov üçün “Arda”da növbəti 90 dəqiqə və 3 xal

Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynov Bolqarıstanın “Arda” komandasında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, 20 yaşlı müdafiəçi Bolqarıstan çempionatının 10-cu turu çərçivəsində keçirilmiş “Hebar”la oyunun iştirakçısı olub.

Doğma meydanda baş tutan bu qarşılaşma “Arda”nın 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Hüseynov bu görüşün ilk dəqiqələrindən meydanda olub və sonadək mübarizə aparıb.

“Arda” 10 turdan sonra 16 xalla 16 iştirakçı arasında 6-cı pillədə qərarlaşıb. Komandanın ehtiyatda təxirə salınmış iki oyunu da var.

Xatırladaq ki, Cəlal Hüseynov Bolqarıstan təmsilçisi ilə bu il iyunun 12-də 3 illik müqavilə imzalayıb. “Arda” onu “Zirə”dən transfer edib. Azərbaycanlı futbolçu bu komandada 5 rəsmi oyuna çıxıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: