Futbol üzrə Ukrayna çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 8-ci turunun oyunları keçirilir.
Arena.az xəbər verir ki, azərbaycanlı futbolçular – Dmitri Nağıyevlə Emil Mustafayevin komandaları da növbəti matçlarına çıxıblar.
Mustafayevin formasını geyindiyi “Polesye” elitadakı səkkizinci matçında “Minay”la qarşılaşıb. Doğma meydanda baş tutan bu oyun futbolçumuzun komandasının 2:1 hesablı əzmkar qələbəsi ilə yekunlaşıb. Emil bu görüşün 62-ci dəqiqəsində meydana buraxılıb. Futbolçumuz 81-ci dəqiqədə sarı vərəqə alıb. 83-cü dəqiqədə isə o, komandasının qələbə qoluna imza atıb. Bu, onun “Polesye”dəki ilk qoludur.
Nağıyevin formasını geyindiyi “Obolon” isə bu turda “Veres Rivne” ilə üz-üzə gəlib. Futbolçumuzun komandası doğma meydanda baş tutan bu oyundan heç-heçə ilə ayrılıb – 0:0. Dmitri bu oyuna start heyətdə başlayıb və sonadək mübarizə aparıb.
8 turdan sonra “Polesye” 15 xalla 16 iştirakçı arasında 4-cü, “Obolon” isə 6 xalla 12-cidir.
“Obolon” Ukrayna Premyer Liqasının 9-cu turu çərçivəsində oktyabrın 1-də səfərdə “Minay”la üz-üzə gələcək. “Polesye” isə həmin gün “Kolos”un qonağı olacaq.


