“Sabah”ın baş məşqçisi Murad Musayev Azərbaycan Premyer Liqasının 8-ci turunda “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, o, 2:2 hesabıyla bitən matçdan sonrakı mətbuat konfransında bunları söyləyib:
“Ağır oyun oldu. Yəqin ki, heç-heçə ədalətli nəticədir. Son oyunlarda buraxdığımız səhvlərdən sonra qalib gəlmək çətindir. Neçə oyundur ki, standart vəziyyətlərdən qollar buraxırıq. Qələbə qazanmağı çox istəyirdik. Çox şərh vermək istəmirəm. Təəssüf ki, belə alındı. “Qara zolaq”dan çıxmaq üçün nə çatışmır? Yəqin ki, bir qələbə…
İki ildə etmədiyimiz səhvləri edirik, qollar buraxırıq. Bu da gücümüzü alır. Uşaqlar məşq edirlər, məşqlər yaxşı gedir, atmosfer normaldır. Sadəcə, oyunlar zamanı çox kobud səhvlərə yol veririk. Buna görə futbolçularda əsəbilik var.
“Səbail”in ləğv edilən qolunda ofsayd var idi. Mənim kiçik televizorum var. Baxdım ki, ofsayddır. Amma VAR-da oturanlar var. Görünürdü ki, forvard qapıya daha yaxın idi”.
Rusiyalı mütəxəssis Ceyhun Nuriyevlə Nicat Mehbalıyevin əvəzedici komandaya göndərilməsinə də toxunub:
“Oyunun iştirak ərizəsinə 23 futbolçunun adını daxil etmək olur. Ceyhunla Nicata gəlincə, mənim icazəmlə olan məsələdir. Siz klubun rəhbərisiz, uşaqları yetişdirirsiz, avrokuboklarda oynayırlar, milliyə düşürlər. Ona deyirsiz ki, müqavilənin müddətini artır və “Turan Tovuz”a icarəyə get. Amma onlar müqaviləni yeniləmək istəmirlər. Amma sən onun yetişməsi üçün nə qədər iş görmüsən. “Turan Tovuz” Ceyhunu gözləyirdi. Get icarədə oyna, daha sonra gəl əsas heyət uğrunda mübarizə apar. Nicatla da eyni vəziyyət idi, o da dedi ki, müqavilənin müddətini artırmaq istəmirəm. Futbolçular kluba hörmət etməlidir”.
“Kəpəz” haqda pis söz deməmişəm”
Murad Musayev “Kəpəz”lə oyundan sonrakı fikirlərinin Gəncə təmsilçisinin düşərgəsində narazılıqla qarşılanmasına da toxunub:
“Kəpəz”lə bağlı sözlərimə əlavə etmək istəyirəm. Mən “Kəpəz” haqda pis söz deməmişəm. Biz niyə oynayırıq? Əksəriyyət klublar avrokuboklar üçün oynayır. 10-cu dəqiqədən vaxt aparsaq, necə olacaq? “Kəpəz” yaxşı komandadır, yaxşı oynayır. Demək istəyirəm ki, gəlin oynayaq. Onsuz da Avropaya çıxanda fərqli olacaq. Amma biz burada 90 dəqiqənin 30 dəqiqəsini oynayırıq. İndidən özümüzü hazırlamalıyıq. “Kəpəz” yaxşı işlər görür. Amma bizimlə oyunda etmək istəmədi. “Kəpəz”in baş məşqçisi yaxşı mütəxəssisdir, komandası yaxşıdır. Amma gəlin futbol oynayaq. Niyə vaxt aparırıq? Futbolçu vaxt aparanda temp olmur. “Kəpəz”ə uğurlar arzu edirəm. Onlar haqda pis söz deməmişəm.
Futbolda taktiki hiyləgərlik var. Həkimi çağırmaq olar. Amma bu, 88-ci dəqiqədən sonra olar, 10-cu dəqiqədən yox. Mən belə etməzdim. “Sevilya”ya qarşı oynamışam. Onlar Avropa Liqasının qalibi olmuşdular. 2:0 udurduq, üçüncünü vurmaq istəyirdik. Vaxt aparmırdıq. Sizə söz verirəm ki, belə edərdim. Mənim üçün futbol emosiyadır. İki məşqçi var, heç kim uduzmaq istəmir, hamı qalib gəlmək istəyir. “Kəpəz” oynaya bilir, onlar “Qarabağ”a qarşı yaxşı oynamışdı. Mən həmkarlarıma toxunmuram. Heç bir məşqçinin xətrinə dəymək istəmirəm”.
“Hakimlik bir şey yoxdur”
“Səbail”in baş məşqçisi Şahin Diniyev isə bu qarşılaşmanı belə şərh edib:
“Çox maraqlı oyun alındı. Qarşılıqlı hücumlar şəraitində keçən matç oldu. İlk yarıda sanki sıxıldıq. Hücuma çıxmaqda çətinlik çəkirdik, top bizdə qalmırdı. Ancaq ikinci yarıda başqa komanda olduq, başqa futbol oynadıq. Məni ən əsas komandanın xarakter göstərməsi, savadlı oynaması sevindirir. Oyun varsa, nəticə gələcək. Futbolçularıma təşəkkür edirəm. Hamı bir-biri üçün vuruşdu. Əvəzetmədən meydana girənlər ritmdən düşmədilər. Bəlkə də biz bu gün xal itirdik, qazanmadıq. Amma oyun baxımından qazandıq. Hər futbolçu artırır. Bu, məni sevindirir.
Ofsayd epizodunu mənə telefonda göstərdilər. Orada ofsayddan söhbət gedə bilməzdi. Xətt ötürmədən sonra çəkilmişdi. Uşaqların əziyyətinə heyfim gəlir. Onlar sona qədər vuruşdular. Hakimlik bir şey yoxdur. İdeal hakimlik etdi. Sadəcə, bir epziod var idi. Ola bilər ki, VAR-ın günahı var. Çox vacib qol idi.
Biz həmkarıq. Heç vaxt bir-birimiz haqda fikir bildirməməliyik. Murad Musayev futbolla yaşayır. Belə insanları sevirəm. Oyunun içindədir. Hakimlərə təzyiq bəzən olur. “Barselona” bu gün hakimlərə təzyiq üzrə məşq keçir. Bu da futbolun bir hissəsidir. Murad Musayevin gedişlərinə hörmət edirəm. Sevinirəm ki, futbolun içində olanlardandır. Mən də balanslaşdırmaq istəyirdim”.


