“Bayern”in qvadelupaəsilli fransalı mərkəz hücumçusu Matis Tel “Futbol Kralı” Pelenin şərhinə necə cavab verməməsindən təəssüflə danışıb.
Arena.az məlumat verir ki, Tel bu barədə “Carre” “YouTube” kanalına müsahibəsi zamanı danışıb:
“Bayern” üçün ilk qolumu vurub klub tarixinin ən gənc qolçusu olanda, klubun sosial media hesabında Pelenin şərh yazdığı, qolu bayram etdiyim foto peyda olmuşdu. Ancaq mən bu şərhə onun dəfn günü diqqət yetirdim. Bu məni kədərləndirdi. Şərh o zaman 7-8 həftəlik idi. Mən bunu görsəydim, vaxtında cavab verərdim. İndi biz heç nəyi dəyişə bilmərik, amma onun ismarışı mənim yaddaşımda həmişəlik qalacaq. Ruhu şad olsun”, deyə Tel duyğusalcasına bildirib.
Bütün zamanların ən yaxşı oyunçusu, “futbol kralı” Pele, “Bayern”in Telin komandanın heyətində ilk qolunu bayram etməsini əks etdirən fotonun altında yazıb: “Sənin çoxlu qollarından birincisi”.
Tel həmçinin müsahibəsində nömrə seçimi haqda danışıb və nə üçün “9”-u deyil, “39”-u seçdiyini izah edib. Xatırladaq ki, “Bayern”də sonuncu dəfə “9” nömrə altında komandanın məşhur polyak mərkəz hücumçusu Robert Levandovski çıxış edib.
“Belə əntiqə hücumçudan sonra kluba qoşulmaq çox xoşdur. Nömrəni klub rəhbərliyi ilə müzakirə etmişdim. Seçim “9” və “39” nömrələri arasında idi və mən ikinci seçimi götürdüm. Niyə? Mən hələ klub üçün heç nə etmədən Robertin nömrəsini götürmək istəmirdim. İnsanlar məni hələ tanımırdılar. Mən o nömrəni daşımaq hüququnu qazanmaq istəyirdim. Bu, ciddi çağırış və böyük köklənmədir”, deyə Tel vurğulayıb.
Matis Tel “Bayern”ə 2022-ci ilin iyulunda 20 milyon avro müqabilində “Renn”dən keçib. O, Münhen klubu ilə müddəti 2027-ci ilin iyun yayına qədər qüvvədə olacaq müqavilə imzalayıb.
Cari mövsümdə Tel “Bayern”də 8 oyuna 5 qol vurub, 1 məhsuldar ötürmə edb. Matisin “Bayern”də ümumi statistikası isə belədir: 36 oyun, 11 qol, 1 məhsuldar ötürmə.
Tel Fransanın U-17, U-18, U-19 yığmalarında çıxış etsə də, əsas yığmaya hələ dəvət almayıb.
“Transfermarkt” internet-portalı 18 yaşlı Matis Teli 20 milyon avro məbləğində qiymətləndirir.


