Herbert Hayner: “Harri Keynə görə 100 milyon ödəməyə bilərik”

“Bayern”in prezidenti Herbert Hayner Harri Keyn üçün münhenlilərin “Tottenhem”ə hansı üstəliklər ödəyəcəyini açıqlayıb.

Arena.az “Sky Sport”a istinadən Haynerin bu xüsusda məlumatını diqqətinizə çatdırır:

“Növbəti mövsümlər ərzində bir sıra yarışlarda qalib gəlməsək, Keyn bizə 100 milyon avroya başa gəlməyəcək. Üstəliklər olmasa, məbləğ 100 milyondan az olacaq. Belə məbləğlər daha çox istisnadır.

Harri çox diqqətlə çalışır və sağlamlıq və qidalanma kimi bütün təfərrüata fikir verir. Əminik ki, o, hələ uzun illər bu səviyyədə oynaya biləcək.

Bizim böyük sərmayədarımız və ya dövlət sponsorumuz yoxdur. Biz hər senti özümüz qazanırıq və borcumuz yoxdur. “Alyans Arena”ya görə haqqı özümüz ödəmişik. Bu, bir tərəfdən bizi qürurlandırır. Digər tərəfdən, bu, “Bayern” yolunda irəliləmək üçün bizə daxili güc verir.

Biz sübut etdik ki, bütün çağırışların öhdəsindən layiqincə gələ və ən yüksək Avropa səviyyəsində oynamağa davam edə bilərik”, deyə Herbert Hayner bildirib.

Xatırladaq ki, Keyn “Bayern”ə cari ilin yay transfer pəncərəsində “Tottenhem”dən keçib. Harrinin Münhen klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Keyn Münhen təmsilçisinin heyətində 8 oyuna çıxıb, 9 qol vurub, 4 məhsuldar ötürmə verib.

Harri Keyn hazırda kapitanı olduğu, 2015-ci ilin mart ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 86 oyun keçirib, 59 qol vurub, 19 məhsuldar ötürmə verib.

Maraqlıdır ki, Keyn karyerası ərzində bir kubok belə, qazanmayıb.
“Transfermarkt” internet-portalı 30 yaşlı Keyni 90 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: