Adrian Mutu və Yuri Matias “Qarabağ”la matç öncəsi danışdılar

“Neftçi”nin baş məşqçisi Adrian Mutu Premyer Liqanın 9-cu turunda “Qarabağ”a qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb.

Arena.az xəbər verir ki, rumıniyalı mütəxəssis “Neftçi” TV-yə açıqlamasında Azərbaycan derbisinə hazır olduqlarını bəyan edib:

“Məşqlərimiz yaxşı keçir. Bizi necə matçın gözlədiyini bilirik. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Ümid edirəm ki, azarkeşlər yenə böyük dəstək verərək yanımızda olacaqlar. Uyğunlaşma dövrü, demək olar ki, başa çatıb. Elə oyunçularımız var ki, onlardan gözləntilərimiz daha çoxdur və komandaya böyük fayda verə bilərlər. Bunun üçün də zamana ehtiyac var”.

Adrian Mutu zədəsini sağaldan yarımmüdafiəçi Eddi İsrafilova “Qarabağ”la qarşılaşmada şans verəcəyini istisna etməyib: “Eddi İsrafilova “Qarabağ”la görüşdə bir neçə dəqiqə oynamaq imkanı verə bilərəm. O, milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilədən sonrakı dönəm üçün tam hazır olacaq. Eddi bizə meydanda lazım olan futbolçulardandır. Komandaya təsirini xüsusi qeyd etmək lazımdır. Ona böyük hörmətim var”.

“Neftçi”nin müdafiəçisi Yuri Matias da derbi öncəsi fikirlərini bildirib. Braziliyalı müdafiəçi “Qarabağ”la matça hazırlığın yüksək səviyyədə keçdiyini söyləyib: “Oyundan-oyuna komandada inkişaf göz önündədir. Düşünürəm ki, “Qarabağ”la görüşə kimi tam hazır olacağıq. Həftəboyu üzərimizdə çalışırıq ki, oyun günü yaxşı vəziyyətdə olaq. Azarkeşlərimizin “Qarabağ”la matçda bizi dəstəkləmələrini istəyirəm. Onlarla birlikdə daha güclü oluruq”.

28 yaşlı oyunçu əzəli rəqiblə qarşılaşmaya özünü hazır sayır: “Ümid edirəm ki, mən də meydanda olacağam, komandama kömək edə biləcəyəm. Amma buna baş məşqçi qərar verir. Təəssüf ki, ötən turda iştirak edə bilmədim. Buna baxmayaraq, komanda yoldaşlarım uğurlu çıxış edərək, “Turan Tovuz” üzərində səfər qələbəsi qazandılar”.

Xatırladaq ki, sabah – oktyabrın 8-də “Neftçi Arena”da keçiriləcək “Neftçi” – “Qarabağ” oyununa saat 19:30-da start veriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: