“Sabah”ın baş məşqçisi Murad Musayev Azərbaycan Premyer Liqasının 9-cu turunda “Araz-Naxçıvan”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, rusiyalı mütəxəssis 1:1 hesabıyla başa çatan matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Ərazi üstünlüyü bizim tərəfimizdə idi. Çoxlu qol fürsəti yaratdıq. Yenə də, standart vəziyyətdən qol buraxdıq. Amma futbolçularıma əhsən, ruhdan düşmədilər, sona qədər mübarizə apardılar və hesabı bərabərləşdirdilər. Lakin ərazi üstünlüyünə və qol epizodlarının çoxluğuna görə üç xal vermirlər”.
Murad Musayev uğursuz gedişata son qoymaq üçün komanda bir qələbə lazım olduğunu və qarşıdakı fasilədən maksimum yararlanmaq lazım gəldiyini söyləyib:
“Xalımız çox azdır, qələbələr qazanmaq lazımdır. Bəlkə də, bəzən pis oynayaraq üç xal qazanmaq da olar. Ən vacibi qələbələr qazanmağa başlamaqdır.
Ümidvaram ki, çempionatda yaranacaq qarşıdakı fasilə bizim xeyrimizə işləyəcək. Amma nəzərə alaq ki, komandanın yarısı bizimlə olmayacaq. Bir-birimizlə anlaşmanı da artırmalıyıq”.
“Araz-Naxçıvan”ın baş məşqçisi Azər Bağırov isə heç-heçəyə belə şərh verib:
“Çətin oyun oldu. Birinci hissədə daha çox topsuz qaldıq. Bununla da ikinci hissə üçün işimizi gördük. Fasilədən sonra isə daha çox əks-hucumlar qurmağa və qol vurmağa çalışdıq. Səfərdə oynadığımızı da nəzərə alsaq, nəticə qənaətbəxş oldu.
Adətən rəqib komanda hesabı bərabərləşdirdikdən sonra müəyyən psixoloji üstünlük qazanır. Yenidən əvvəlki duruma qayıtmaq üçün 2-3 dəqiqə vaxt lazım olur. Bizdə də “Sabah” qol vurduqdan sonra belə hal yaşandı. Şükürlər olsun ki, 1 xal qazandıq və xal ehtiyatımızı artırdıq”.


