“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 9-cu turunda “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, 51 yaşlı mütəxəssis 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Hər iki komandaya təşəkkür edirəm. Azarkeşlər üçün çox yaxşı oyun göstərdilər. Yaxşı mübarizə var idi. Hər iki komanda çox istəkli idi. Futbolçularıma da ayrıca təşəkkür edirəm ki, xarakter göstərdilər, oyundan qopmadılar, bütün fikirləri oyunda oldu. Vacib oyun idi. İlk dövrəni qələbə ilə başa vurmaq istəyirdik. Bu da alındı. Bu stadionda oynamaq həmişə xoşdur. Yaxşı atmosfer olur həmişə. Əsasən də “Neftçi” – “Qarabağ” matçlarında.
Belə oyunda bəsit qərarlar vermək olmaz. Ofsayd epizodunda gördüm ki, yox idi. Belə epizodları sona qədər buraxırlar. VAR var axı. O epizoda görə fikrimi bildirdim”.
Qurban Qurbanov futbolçuların Avropa Liqasının qrup mərhələsində İsveç “Hakken”inə qarşı oyundan sonra yorğun olmasına xüsusi diqqət çəkib:
“Avrokubok matçından heç üç sutka keçməmişdi. Buna görə narahatlığım var idi. Bakıda oynasaydıq, daha rahat olardı. Gecəni yolda olduq. Belə oyunlarda xarakter lazım olur. Yorğunluğu beynindən atmaq, özünü məcbur etmək lazım gəlir. Futbolçuların hazırlığı son vaxtlarda yaxşı səviyyəyə qalxıb. Sağ olsunlar, həqiqətən sona kimi dinamikanı qoruyub-saxladılar. Sona yaxın oyun bəlkə çox da baxımlı olmadı. Amma hər halda futbolçularım yorğunluğa baxmayaraq, xarakter göstərdilər.
Qarşıdakı fasilə bəzi oyunçulara yaxşı təsir edəcək, bəzilərinə pis. Burada qalanlara 3 gün istirahət verəcəyik ki, fiziki və psixoloji yorğunluqları arxada qalsın. Ancaq millidə oynayanlarımız var. Leandro Andrade və Patrik Andradenin oyunu ayın 17-dədir. Halbuki, 21-də səfər oyunumuz var. Onların da səfər matçları haralardadır, bilirsiniz. İkinci oyunları Fransadadır. İstirahət mütləq lazımdır. Hər bir halda milliyə gedir, öz millisi üçün ən yaxşısını etməlidir. Gərginliyə və oyunlara dözməlidirlər”.
Adrian Mutu: “Neftçi” də belə layihəni haqq edir”
“Neftçi”nin baş məşqçisi Adrian Mutu isə “Qarabağ”a qarşı ilk oyununu belə şərh edib:
“Çətin oyun oldu. Güclü rəqibə qarşı oynayırdıq. Oyunçularımız meydanda əllərindən gələni etdilər. Nə qədər yaxşı təşkil olunsaq da, rəqibdə fərdi keyfiyyətləri yüksək olan oyunçular varsa, çətin olur. “Qarabağ” və çempionatdakı digər rəqibləri müqayisə edəndə səviyyə fərqi aşkar hiss olunur. Onlar avrokubokların qruplarına vəsiqə qazanmaqla bunu sübut edirlər. İki heyətləri var. Hamısı keyfiyyətli oyunçulardır. “Qarabağ”ın əsas üstünlüyü də elə bundadır. Onların heyətində Juninyo və Andrey Lunyov “Hakken”ə qarşı 90 dəqiqə oynamışdı, digərləri dəyişilmişdi. Bu gün start heyətində oynayanların səviyyəsi də “Hakken”lə matçda oynayanların səviyyəsi ilə yaxındır.
Mən bura gələdən “Neftçi”nin ətrafında yalnız tənqid və neqativlik görürəm. Bəli, “Neftçi” komanda olaraq “Kəpəz” və “Araz-Naxçıvan”a qalib gəlməlidi. Amma mən bu kluba gələndə, uzunmüddətli layihə olacağı vurğulanmışdı. Biz möhkəm fundament qurmalıyıq. Bir oyunla heç nə bitmir, mövsüm hələ qarşıdadır. Mən də bu nəticəyə görə üzülürəm. Azarkeşlər də üzgündür. Amma önümüzə baxmalı, daha yaxşı və daha çox çalışmalıyıq. İstədiyimiz komandanı emosiyalar yox, əzmkar iş üzərində qurmalıyıq. “Qarabağ” da uzunmüddətli layihənin nəticəsidir, qısa müddətə qurulmayıb.
Mən özümü Qurban Qurbanovla müqayisə etmək istəmirəm. Çünki o, 9-10 titul qazanıb. O da “Qarabağ”a gələndən sonrakı ilk 5 ildə cəmi bir kubok qazanıb. Ondan sonra qələbələr qazanmağa başlayıb. İndi isə onu dayandırmaq çox çətindir. “Neftçi” də belə layihəni haqq edir. İstər mənimlə, istərsə də başqa məşqçi ilə.
“Neftçi” asan klub deyil. Bura gələndən üzərimdə təzyiqi hiss edirəm, amma bu təzyiqin öhdəsindən gələ bilirəm. Çalışmağa davam etməliyik. Bir gün gələcək, biz də qələbələr qazanıb, çempion olacağıq”.
Adrian Mutu “Neftçi” fanatlarının oyunun yarısında arenanı tərk etməsinə də münasibət bildriib:
“Yaxşı olardı ki, fanatlar hər zaman komandanın yanında olsunlar. Bu cür vacib matçlarda azarkeş dəstəyi lazımdır. Onlar niyə stadionu tərk etdilər, səbəbini bilmirəm, bunu şərh edə bilmərəm”.


