Marko Yankoviç və Luka Quqeşaşvili də “Qarabağ”dan ayrılırlar

“Qarabağ”ın daha iki legioneri – yarımmüdafiəçi Marko Yankoviç və qapıçı Luka Quqeşaşvili də ölkəsinin milli komandasına dəvət alıb.

Arena.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, Yankoviç Monteneqro millisinin oktyabrın 12-də Livan ilə beynəlxalq yoldaşlıq, oktyabrın 17-də isə AÇ-2024-ün seçmə mərhələsində Serbiya ilə oyunlarına dəvət alıb.

Quqeşaşvili isə Gürcüstan millisinin oktyabrın 12-də Tailand ilə beynəlxalq yoldaşlıq, oktyabrın 15-də isə AÇ-2024-ün seçmə mərhələsində Kipr ilə oyunlarına çağırılıb.

Xatırladaq ki, Marko Yankoviç 2016-cı ildən ölkəsinin əsas yığmasında forma geyinir. 28 yaşlı mərkəz yarımmüdafiəçisi Monteneqro millisində 42 oyun keçirib və 1 qol vurub. O, 2022-ci ildən formasını geyindiyi “Qarabağ”da 57 oyuna çıxıb, 3 qola imza atıb, 9 məhsuldar ötürmə müəllifi olub.

Luka Quqeşaşvili isə bu ilin martında debüt etdiyi Gürcüstan yığmasında cəmi 1 matç keçirib. 24 yaşlı qolkiper Ağdam klubunun heyətində 34 oyuna çıxıb, 29 qol buraxıb, 16 “quru” matç keçirib.

“Qarabağ”da Yankoviçlə Quqeşaşvilidən öncə Leandro Andrade və Patrik Andradenin də Kabo Verde millisinə dəvət aldığı məlum idi. Onlar da oktyabrın 12-də Əlcəzair, oktyabrın 17-də Komor adalarına qarşı yoldaşlıq oyunlarına dəvət ediliblər.

Xəbəri sosial şəbəkələrdə paylaş: