Türkiyə milli komandasının baş məşqçisi, italyan mütəxəssis Vinçentso Montella qardaş ölkənin futbol tarixinə düşüb.
Arena.az xəbər verir ki, “ay-ulduzlular” ötən gecə AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində doğma meydanda Latviyanı 4:0 hesabıyla məğlub edib.

Bu qələbə qardaş ölkə yığmasını gələn il Almaniyada təşkil olunacaq Avropa çempionatının final mərhələsinə daşıyıb. Türkiyə millisi tarixində ilk dəfə əcnəbi baş məşqçinin rəhbərliyi altında Avropa çempionatına vəsiqə qazanıb. Buna qədər sözügedən komanda qitə birinciliklərinə həmişə yerli mütəxəssislərin rəhbərliyi altında vəsiqə əldə etmişdi.

Türkiyə yığması tarixində 6-cı dəfədir Avropa çempionatının final mərhələsində oynamaq hüququ qazanır. “Ay-ulduzlular” daha öncə AÇ-1996, AÇ-2000, AÇ-2008, AÇ-2016 və AÇ-2020-nin də iştirakçısı olmuşdular. Avropa çempionatlarına əvvəlki vəsiqələrdən üçü (AÇ-1996, AÇ-2008 və AÇ-2016) Fatih Terimin rəhbərliyi altında qazanılıb. Mustafa Dənizli (AÇ-2000) ilə Şenol Günəş (AÇ-2020) isə hərəyə bir dəfə yığmanı qitə birinciliyinə çıxarıb.

Türkiyə millisi həm də tarixində ilk dəfə ardıcıl 3 Avropa çempionatında oynamaq hüququ əldə edib.

Xatırladaq ki, Türkiyə millisi AÇ-2024-ün seçmə mərhələsinə alman mütəxəssis Ştefan Kuntsun rəhbərliyi altında başlamışdı. Lakin qrupdakı 5 oyundan sonra onunla yollar ayrılmış və Vinçentso Montella ilə müqavilə imzalanmışdı. 49 yaşlı italyan mütəxəssis Türkiyə yığmasının tarixindəki 21-ci əcnəbi baş məşqçidir. O, Xorvatiya və Latviya üzərində qazanılan qələbələrlə “ay-ulduzlular”ı Avropa çempionatına çıxarıb və tarixə keçib.

Yeri gəlmişkən, Türkiyə millisi tarixində ilk dəfə Latviya yığmasına doğma meydanda qalib gəlib. Buna qədər türklər sözügedən rəqiblə doğma meydanda 4 oyun keçirmiş və qələbə qazana bilməmişdilər. Halbuki, səfərdə baş tutan 5 oyunda 3 qələbə qazanılmışdı.



