Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçü Niderlandın “Eyndhoven” komandasında növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, 25 yaşlı futbolçu Niderland Birinci Divizionunun 11-ci turu çərçivəsində bu gün baş tutmuş “Helmond”la oyunun iştirakçısı olub.
“Eyndhoven” doğma meydanda baş tutan bu oyundan xalsız ayrılıb. Futbolçumuzun komandası 1:2 hesablı məğlubiyyətə üzülüb.
Ozan Can bu görüşə start heyətdə başlayıb və sonadək oynayıb. Cari mövsümdə 2 qol vurmuş millimizin üzvü bu dəfə fərqlənə bilməyib.
“Eyndhoven” cari mövsümdə qazandığı 17 xalla 20 kollektiv arasında 7-ci pillədə qərarlaşıb. Futbolçumuzun komandası bu tura qədər məğlub olmayan yeganə kollektiv idi.
Xatırladaq ki, Ozan Can Kökçü “Eyndhoven”ə 2022-ci ilin yayında “Telstar”dan gəlib. Yarımmüdafiəçi daha öncə “Valveyk” və “Girəsunspor” komandalarının, həmçinin “Sabah”ın da uğurları üçün çalışıb. Ozan Azərbaycanın U-20 və U-21 yığmalarının da formasını geyinib, 2022-ci ildən isə əsas milliyə dəvət alır. O, “Eyndhoven”də bütövlükdə 48 oyuna çıxıb, 9 qola imza atıb.


