Bu gün futbol üzrə Ukrayna çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 11-ci turunun oyunları keçirilib.
Arena.az xəbər verir ki, azərbaycanlı futbolçular – Dmitri Nağıyevlə Emil Mustafayevin komandaları da növbəti matçlarına çıxıblar.
Mustafayevin formasını geyindiyi “Polesye” səfərdə “Vorskla” (Poltava) ilə qarşılaşıb və 3:0 hesablı qələbəyə sevinib. Emil bu görüşün sonunadək ehtiyatda qalıb.
Nağıyevin formasını geyindiyi “Obolon” isə bu turda “Zarya” (Luqansk) ilə üz-üzə gəlib. Futbolçumuzun komandası doğma meydanda baş tutan bu oyundan məğlubiyyətlə ayrılıb – 2:4. Dmitri bu oyunda 90 dəqiqə meydanda olub.
11 turdan sonra “Polesye” 22 xalla 16 iştirakçı arasında 2-ci, “Obolon” isə 12 xalla 10-cu pillədə qərarlaşıb.
“Obolon” Ukrayna Premyer Liqasının 12-ci turu çərçivəsində oktyabrın 29-da səfərdə LNZ ilə üz-üzə gələcək. “Polesye” isə həmin gün “Zarya”nın qonağı olacaq.


