WBC versiyası üzrə ən ağır çəkidə cari dünya çempionu, britaniyalı boksçu Tayson Fyuri növbəti qələbəsini qaanıb.
Arena.az məlumat verir ki, oktyabrın 28-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda peşəkar boks gecəsində möhtəşəm döyüş baş tutub.
Gecənin əsas döyüşündə WBC versiyası üzrə ən ağır (superağır) çəkidə cari dünya çempionu, britaniyalı boksçu Tayson Fyuri sabiq UFC çempionu, kamerunlu döyüşçü Frensis Nqannu ilə qarşılaşıb.
Döyüş bütün 10 raund ərzində davam edib və Fyurinin hakimlərin fərqli qərarı əsasında qələbəsi ilə başa çatıb.
Vurğulayaq ki, 3-cü raundda Fyuri Nqannunun güclü zərbəsindən sonra yıxılaraq nokdauna düşüb. Amma britaniyalı boksçu qalxaraq, döyüşü davam etdirə bilib və sonda qələbə qazanıb.
Fyuri peşəkar rinqdə 35 döyüş keçirib və bu döyüşlərdə 24-ü nokautla olmaqla, 34 qələbə qazanıb, bir döyüşü isə heç-heçə ilə başa vurub.
Nqannu üçün bu döyüş peşəkar boks rinqində debüt olub. Kamerunlu döyüşçü buna qədər əvvəllər qarışıq döyüş növləri üzrə rinqdə çıxış edib. Nqannu 20 döyüş keçirib, 12-si nokautla olmaqla, 17 qələbə qazanıb, 3 döyüşdə isə məğlub olub.
Yeri gəlmişkən, Fyurinin hakimlərin fərqli qərarı əsasında qələbəsi boks dünyasında birmənalı qarşılanmayıb. İndi bu mövzuda müzakirələr və söz-söhbət qızışmaqdadır. Bir çoxları Nqannunun qələbəsinin oğurlandığı qənaətindədir.
İndi Tayson Fyurinin növbəti döyüşünü ukraynalı boksçu Aleksandr Usiklə keçirə biləcəyi haqda danışılır.
Fyuri ilə Nqannu arasındakı qarşılaşmanın tam videoyazısını təqdim edirik:


