Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynov Bolqarıstanın “Arda” komandasında növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, 20 yaşlı müdafiəçi Bolqarıstan çempionatının 7-ci turundan təxirə salınmış Sofiya “Levski”si ilə oyunun iştirakçısı olub.
Doğma meydanda baş tutan bu qarşılaşmada “Arda” 1 xalla kifayətlənib – 0:0. Bu, futbolçumuzun komandasının ardıcıl üçüncü heç-heçəsidir. Maraqlıdır ki, bu oyunların hamısı qolsuz yekunlaşıb.
Hüseynov bu görüşün 69-cu dəqiqəsində meydana buraxılıb.
“Arda” ölkə çempionatında 15 turdan sonra 25 xalla 16 iştirakçı arasında 6-cı pillədə qərarlaşıb. Komandanın ehtiyatda təxirə salınmış daha bir oyunu var.
Xatırladaq ki, Cəlal Hüseynov Bolqarıstan təmsilçisi ilə bu il iyunun 12-də 3 illik müqavilə imzalayıb. “Arda” onu “Zirə”dən transfer edib. Azərbaycanlı futbolçu bu komandada 11 rəsmi oyuna çıxıb, 1 qol vurub.


