Futbol üzrə Ukrayna kubokunda 2023/2024 mövsümünün 1/4 final mərhələsinin oyunları keçirilib. Arena.az xəbər verir ki, azərbaycanlı futbolçular – Dmitri Nağıyevlə Emil Mustafayevin komandaları da növbəti matçlarına çıxıblar.
Mustafayevin formasını geyindiyi “Polesye” doğma meydanda “Aleksandriya” ilə qarşılaşıb. Görüş qolsuz yekunlaşdığı üçün penaltilərə ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Polesye” yarımfinala yüksəlib.
Emil bu görüşün 63-cü dəqiqəsində meydana buraxılıb. O, penalti seriyasında da nöqtəyə üçüncü yaxınlaşıb və zərbəsi dəqiq olub.
Nağıyevin formasını geyindiyi “Obolon” isə “Vorskla” (Poltava) ilə üz-üzə gəlib. Futbolçumuzun komandası doğma meydanda baş tutan bu oyundan məğlubiyyətlə (0:3) ayrılıb və mübarizəni dayandırıb. Start heyətdə meydana çıxmış Dmitri fasilədə əvəzlənib.
“Vorskla” və “Polesye”dən başqa “Şaxtyor” və “Çernomorets” də Ukrayna kubokunda yarımfinala yüksəlib.
“Obolon” Ukrayna Premyer Liqasının 13-cü turu çərçivəsində noyabrın 6-da səfərdə “Rux”la (Lvov) üz-üzə gələcək. “Polesye” isə həmin gün “Krivbas”ı qəbul edəcək.


