AFFA İntizam Komitəsi tərəfindən ciddi cəzalara məruz qalan İkinci Liqa təmsilçisi “Göygöl” bu qərarlara münasibət bildirib.
Klubun mətbuat xidmətinin rəhbəri Aqşin Ağayev Arena.az saytına açıqlamasında bunları söyləyib:
“Göygöl” Futbol Klubu olaraq ümumilikdə verilən qərarla razıyıq. Bəyanatda da vurğuladığımız kimi, səhvlərimizi və nöqsanlarımızı bilirik. Vurğulamaq istədiyimiz əsas məqam isə hakimlə bağlıdır. Hakimin futbolçuları təhqir etməsini gözdən qaçıra bilmərik. Azarkeşlərin və oyunçuların qıcıqlanmasının elə əsas səbəbi də bu təhqirlər olub. Bununla bağlı da təhqirə etiraz edən iki futbolçu Kənan Allahverdiyev və Vüqar Əşrəflinin sarı kart alma məsələsinə yenidən baxılmasının tərəfdarıyıq.
Oyunun ədalət təmsilçisinin öz danışıq üslubunu bilməməsi onun bundan sonrakı peşə fəaliyyəti olan hakimlik peşəsinin obyektivliyinə şübhə doğuracağını düşünürük. Azərbaycan futbolunun inkişafı naminə bununla bağlı konkret addımların atılmasını AFFA-ya müraciətimizdə ünvanlamışıq”.
Xatırladaq ki, İkinci Liqanın 9-cu turunun “Göygöl” – “Şəki Siti” matçı müxtəlif olaylar səbəbindən başa çatdırılmayıb. AFFA İntizam Komitəsi isə bu oyunla bağlı ağır cəzalar kəsib. Oyununun 82-ci dəqiqəsində “Göygöl”ün baş məşqçisi Araz Mansurov köməkçi hakimə fiziki təzyiq göstərdikdən, ardınca təhqir etdikdən sonra meydançaya daxil olaraq matçın baş hakiminə fiziki təzyiq göstərdiyinə, onu təhqir etdiyinə görə 10 oyun cəzalanıb. Ardınca şəxsiyyəti müəyyən olunmamış şəxslərin meydançaya daxil olaraq oyunun hakimlərinə fiziki təzyiq göstərməsi, ardınca baş hakim tərəfindən görüşün yarımçıq dayandırılmasına görə “Göygöl”ə 0:3 hesablı texniki məğlubiyyət verilib.


