Premyer Liqa təmsilçisi “Qəbələ”nin zədəli futbolçularından biri – yarımmüdafiəçi Asif Məmmədov sıraya dönüb.
Arena.az xəbər verir ki, bu barədə əyalət təmsilçisinin rəsmi saytı məlumat yayıb.
“Qəbələ” Azərbaycan Premyer Liqasının 12-ci turunun bu gün keçiriləcək oyununda “Neftçi”ni qəbul edəcək. Görüş Qəbələ şəhər stadionunda keçiriləcək.
Ev matçının hazırlığında “qırmızı-qaralar”ın 2 futbolçusu iştirak etməyib. Fares Abu Akel və Emil Səfərov bərpa prosesini davam etdirirlər. Asif Məmmədov isə komanda ilə məşqlərə başlayıb. Onun “Neftçi”yə qarşı oynayıb-oynamamasına məşqçilər korpusu qərar verəcəklər.
Xatırladaq ki, Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” – “Neftçi” matçına saat 16:00-da start veriləcək.
Bu matç iki rəqib arasında 67-ci duel olacaq. İlk dəfə 2006-cı ildə üz-üzə gələn komandalar indiyə qədər 66 dəfə görüşüblər.
Əvvəlki matçlarda 20 qələbəsi olan “qırmızı-qaralar” 17 dəfə heç-heçə ediblər. 29 oyunda bakılılar qalib gəlib. Bu görüşlərdə 77 qol vuran “Qəbələ” 94 top buraxıb.
İndiyədək keçirilən qarşılaşmalardan 60-ı Premyer Liqa, 6-sı kuboka təsadüf edib. Bu oyun Premyer Liqa çərçivəsində 61-ci duel olacaq. Əvvəlki 60 matçda 18 qələbəsi olan “Qəbələ” 14 dəfə bir xalla kifayətlənib və 28 dəfə uduzub. Rəqib qapısına 69 dəfə yol tapan “qırmızı-qaralar” 89 top buraxıblar.
“Qəbələ” “Neftçi”ni 33-cü dəfə qəbul edəcək. Əvvəlki 32 ev matçında qəbələlilər 9 dəfə qalib gəlib, 8 heç-heçə edib və 15 dəfə uduzublar. Bu matçlarda meydan sahibləri 39, qonaqlar 45 qol vurublar.


