Adrian Mutu: “Bunu həll etməyin yolu daha çox çalışmaqdır”

“Neftçi”nin baş məşqçisi Adrian Mutu Premyer Liqanın 12-ci turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, rumın mütəxəssis 0:2 hesabıyla uduzduqları oyundan sonra baş tutmuş mətbuat konfransında bunları söyləyib:

“Komandam yaxşı çıxış etdi. 90 dəqiqə oyunu lazımı qaydada idarə edə bildik, aqressiv idik. Məni sevindirən odur ki, çoxlu qol eizodları yaratdıq. Qələbəyə layiq idik”.

“Ağ-qaralar”ın çalışdırıcısı Aaron Olanarenin zədəsindən və Qəbələdəki infrastrukturdan da söz açıb:

“Olanaredə əzələ problemi var idi. Ümid edirəm ki, ciddi zədə almaz. Tez-tez meydança dəyişəndə belə hallar olur. Bəzən süni örtükdə oynayırıq, bəzən təbii örtükdə. Hər yerdə Qəbələdəki kimi meydançalar olsa, mükəmməl alınardı. Bura mənim üçün doğmadır. Bir neçə gün Qəbələdə qalmışıq. Hər şey çox yaxşıdır, klubun yaxşı infrastrukturu var. Qəbələ şəhəri də xoşuma gəlir”.

Adrian Mutu qışda yeni hücumçu transfer edilib-edilməyəcəyi barədə sualı da cavablandırıb:

“İndi bu haqda danışmaq düzgün deyil. Komandanı təhlil edəcəyik. Oyunçulardan tələblərimiz yüksəkdir. Çünki, böyük klubuq. Onlar “Neftçi”nin səviyyəsində oynamalıdırlar. Lukas Melano da oynamağa layiq olmalıdır. Onunla eyni mövqedə olan oyunçularla rəqabətdə qalib gəlməlidir. Çoxlu epizodlar yaradırıq. Rəqib qapısının qarşısında daha diqqətli olmalıyıq. Bunu həll etməyin yolu daha çox çalışmaqdır. Zamanla aradan qaldıracağıq”.

Elmar Baxşıyev: “Uçurumun dibindəyik”

“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev isə komandasının məğlubiyyətini belə şərh edib:

“Bizi ağır matçın gözlədiyini bilirdik. Rəqibimiz “Neftçi” idi. Oyunun dinamikasından razı qalmadım. Komandam istədiyim tempi qaldıra bilmədi. Rəqib də imkanlardan maksimum yararlandı. Bu, hamımıza siqnal olmalıdır ki, uçurumun dibindəyik və nələrisə düzəltmək üçün daha artığını etməliyik. Nəticəyə görə stress yoxdur.

Son matçlarda Emil Səfərovla Ahmed Ayzayanın kənarda qalması çoxsaylı rotasiyalara məcbur edir. Əyyub Allaş ona yad olan dayaq yarımmüdafiəçisi mövqeyində oynayır. Heyətlə bağlı sıxıntımız var. Ümid edirik ki, qarşıdakı oyunlarda hücum planında aktivliyi artıracaq və nəticə qazana biləcəyik. 12 matçda 7 qol vurmağımız aşağı göstəricidir. Kollektivimiz möhkəmdir. Matçlar da göstərir ki, meydanda o qədər aciz deyilik. Üstün keçirdiyimiz qarşılaşmalarda qalib gəlmək üçün lazım olan qolları vura bilməmişik. Təbii ki, son pillələrdə gediriksə, nələrsə ideal deyil. Axsayan yerlərimiz var, bunu görürük. Amma hər şey bizim istəyimizlə deyil. Mənim istəyimlə olsaydı, ötən ilki komanda dağılmazdı. İnanıram ki, komanda şəklində toparlanacağıq və qarşıdakı matçlarda daha sanballı “Qəbələ” görəcəyik”.

Xəbəri sosial şəbəkələrdə paylaş: