İngiltərə millisinin də üzvü olan “Bayern”in hücumçusu Harri Keyn 60 ildən sonra Almaniya Bundesliqasının rekordunu qırıb.
Arena.az xəbər verir ki, 30 yaşlı futbolçu buna Dortmund “Borussiya”sına 4:0 hesabı ilə qalib gəldikləri 10-cu turun matçında het-trik etməklə nail olub.
İngilis forvard Almaniya çempionatındakı qollarının sayını 15-ə çatdırıb. Beləliklə, Keyn 1963/1964 mövsümündə “Şalke”nin heyətində 10 qarşılaşmada 13 dəfə fərqlənən Klaus Matişakı geridə qoyub.
Keyn “Borussiya” ilə oyundakı het-trik sayəsində Münhen klubunun heyətində cari mövsümdə vurduğu qolların sayını 17-yə çatdırıb. İndi Keynin bütün yarışlarda “Bayern”in heyətində 14 oyunda 17 qolu və 7 məhsuldar ötürməsi var. Keyn bu mövsüm müvafiq göstəricilərdə münhenlilərin heyətində ən məhsuldar futbolçudur. Çempionatda 15 dəfə fərqlənmiş Keyn, Bundesliqanın ən sərrast futbolçuları siyahısında “Ştutqart”ın hücumçusu Seru Girassini (14 qol) qabaqlayır.
Xatırladaq ki, Harri Keyn cari ilin yay transfer pəncərəsində 100 milyon avro qarşılığında “Tottenhem”dən “Bayern”ə keçib. Harrinin Münhen klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. Cari mövsümdə Keyn Almaniya nəhənginin heyətində 14 oyuna çıxıb, 17 qol vurub, 7 məhsuldar ötürmə verib.
Keyn hazırda kapitanı olduğu, 2015-ci ilin mart ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 87 oyun keçirib, 61 qol vurub, 19 məhsuldar ötürmə verib.
Maraqlıdır ki, Keyn böyük futbol karyerası ərzində bir kubok belə, qazanmayıb.
“Transfermarkt” internet-portalı 30 yaşlı Keyni 110 milyon avro məbləğində qiymətləndirir.


