Kristian Avram Moldova yığmasına dəvət aldı

Azərbaycan Premyer Liqasında çıxış edən “Araz-Naxçıvan”ın qapıçısı Kristian Avram Moldova millisinin heyətinə dəvət olunub.

Arena.az xəbər verir ki, bu barədə Naxçıvan klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, 29 yaşlı qolkiper ölkəsinin milli komandasının noyabr ayında AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində keçirəcəyi oyunlarda iştirak edə bilər. Moldova yığmasını noyabrın 17-də Albaniya, 3 gün sonra Çexiya yığması ilə qarşılaşmalar gözləyir.

Təcrübəli qolkiper noyabrın 10-da “Kəpəz”lə oyundan sonra vətəninə yola düşəcək.

Kristian Avram 2021-ci ilin iyun ayında debüt etdiyi Moldova yığmasında 8 oyuna çıxıb. O, bu ilin yayından “Araz Naxçıvan”da çıxış edir. Moldovalı qolkiper Premyer Liqa təmsilçisində 11 oyuna 10 qol buraxıb, 3 “quru” matç keçirib.

Xatırladaq ki, Avramla yanaşı, “Turan Tovuz”un müdafiəçisi Denis Marandiç də Moldova yığmasına dəvət alıb. O da noyabrdakı görüşlərdə yığmanın düşərgəsində olacaq.

Denis Marandiç 2020-ci ildən Moldova yığmasına dəvət alır. O, bu ilin yanvarından “Turan Tovuz”da çıxış edir. Tovuz klubunda 30 oyuna 2 qol və 7 məhsuldar ötürmə müəllifi olmuş futbolçu yığmada da 9 matç keçirib.

Xəbəri sosial şəbəkələrdə paylaş: