Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” – “Bayer” (Almaniya) oyununa bilet satışı davam edir.
Arena.az xəbər verir ki, satışa çıxarılmış biletlərin yarısı satılıb.
Belə ki, biletlərin 24 mini artıq öz sahibini tapıb. Bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb. Qalan biletlərin də böyük əksəriyyətinin oyun gününə qədər satılması gözlənilir.
Qeyd edək ki, 31 min azarkeş tutumuna malik Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 40 və 100 manat təşkil edir.
VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 200 manatdır.
Satış məntəqələri:
Iticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış);
“Qarabağ”ın “Park Bulvar”dakı fan-şopu;
Tofiq Bəhramov adına Respublika stadionunun kassaları;
“Changan Azerbaijan”da isə VVIP, VIP və CAT 1 biletlər satılacaq.
Xatırladaq ki, “Qarabağ” – “Bayer” oyunu noyabrın 9-da Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda keçirilcək. Oyuna saat 21:45-də start veriləcək.
Avroliqanın qrup mərhələsinin H qrupunda yer almış bu komandaların ilk oyunu ötən ay Leverkuzendə baş tutub və təmsilçimizin məğlubiyyəti ilə bitib – 1:5.
Geridə qalmış 3 turdan “Bayer”in 9, “Qarabağ”ın 6 xalı var. H qrupunda bu iki komandadan başqa Norveçin “Molde” və İsveçin “Hakken” klubları da mübarizə aparır. Xalsız olan “Hakken” sonuncu, “Molde” isə 3 xalla üçüncüdür.


