Harri Keyn Bundesliqada yeni rekorda imza atdı

Almaniya Bundesliqasının 11-ci turunun “Haydenhaym”la ev oyunu “Bayern”in hücumçusu Harri Keyn üçün əlamətdar olub.

Arena.az məlumat verir ki, dünən, noyabrın 11-də Münhenin “Alyans Arena”sında keçirilmiş “Bayern” – “Haydenhaym” oyunu meydan sahiblərinin 4:2 hesablı qələbəsi ilə başa çatıb.

“Bayern”in ingilis mərkəz hücumçusu Harri Keyn oyunda 2 qol vuraraq, Bundesliqanın məhsuldarlıq rekordunu müəyyən edib.

Belə ki, Keyn Bundesliqanın ilk 11 turunda 17 qol vurmuş ilk futbolçu kimi tarixə düşüb. Bundan əlavə, Keyn ardıcıl 4-cü oyunda 1-dən çox qol vurub. Hazırda Keyn 17 qolla Bundesliqanın ən sərrast futbolçusudur. Harrinin hesabında 5 məhsuldar ötürmə də var və ingilis hücumçu bu göstəricidə 3-cü nəticənin sahibidir. Qol və məhsuldar ötürmə cəminə görə (17+5) 22 xalla Keyn Bundesliqanını həm də ən səmərəli futbolçusudur.

Xatırladaq ki, Harri Keyn cari ilin yay transfer pəncərəsində 100 milyon avro qarşılığında “Tottenhem”dən “Bayern”ə keçib. Harrinin Münhen klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Keyn Almaniya nəhənginin heyətində 16 oyuna çıxıb, 21 qol vurub, 7 məhsuldar ötürmə verib.

Keyn hazırda kapitanı olduğu, 2015-ci ilin mart ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 87 oyun keçirib, 61 qol vurub, 19 məhsuldar ötürmə verib.

Maraqlıdır ki, Keyn böyük futbol karyerası ərzində bir kubok belə, qazanmayıb.

“Transfermarkt” internet-portalı 30 yaşlı Keyni 110 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: