“Vilyarreal”ın gənc sağ vingeri Yeremi Pino ciddi zədə alıb və ən azı mövsümün sonuna qədər yaşıl meydanlardan kənarda qalacaq.
Arena.az məlumat verir ki, bu barədə “Vilyarreal”ın mətbuat xidməti məlumat yayıb.
Verilən məlumata görə, 21 yaşlı yarımmüdafiəçinin zədəsi çox ciddidir, Pinonun dizində çarpaz bağın yırtığı aşkarlanıb. Müvafiq zədə ən ağır zədələrdən biri hesab edilir və uzunmüddətli müalicəni ehtiva edir. Pinonun futbola gələn ilin yayında dönə biləcəyi təxmin edilir.
Pinonun futbola gəlişi “Las-Palmas” və “Roda” (İspaniya) klubları ilə başlayıb. Daha sonra Yeremi “Vilyarreal”ın yeniyetmələrdən ibarət komandasına keçib. Ardınca isə Pino tərəqqi edərək, 2020-ci ilin avqustunda “Vilyarreal”ın əsas komandasına keçib. Tərəflər arasında müqavilə 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Pino cari mövsümdə “Vilyarreal”ın heyətində 10 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib. Yereminin “sarı sualtı qayığ”ın heyətində ümumi statistikası isə belədir: 133 oyun, 18 qol, 12 məhsuldar ötürmə. Gənc vinger “Vilyarreal”la 2020/2021 mövsümü Avropa Liqasının qalibi olub.
Yeremi Pino 2021-ci ilin oktyabrında debüt etdiyi İspaniya yığmasının heyətində 12 oyuna 2 qol və eyni sayda məhsudar ötürmə ilə fərqlənib. Yeremi İspaniya yığması ilə 2023 UEFA Millətlər Liqasının qalibi olub.
“Transfermarkt” internet-portalı 21 yaşlı Yeremi Pinonu 35 milyon avro məbləğində qiymətləndirir.


