“Neftçi”nin baş məşqçisi Adrian Mutu Bakıda Rusiyanın “Zenit” komandasına qarşı keçirdikləri yoxlama görüşünü şərh edib.
Arena.az xəbər verir ki, rumın mütəxəssis 2:1 hesablı qələbə qazandıqları oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Çətin oyun oldu. Güclü rəqiblə qarşılaşdıq. Futbolçuların meydandakı davranışından razı qaldım. Ümid edirəm ki, bu yöndə davam edəcəyik”.
Baş məşqçi çempionatda bu səviyyədə oyun ortaya qoya bilməmələrinin səbəbi barədə sualı belə cavablandırıb: “Mənim bu suala cavabım yoxdur. Amma Reziuan Mirzovun qollar vurması, formaya düşməsi isə məni sevindirir”.
Adrian Mutu gənc qapıçı Rza Cəfərovdan razılıq bildirib: “Ona ilk dəfə şans verən mən olmuşam. “Sabah”la görüşdə Rzanı meydana buraxanda hamı məni tənqid edirdi. İndi isə sual verirlər ki, Rza niyə oynamır? O, zədədən yeni qayıdıb”.
Mətbuatı izlədiyini bildirən məşqçi bəzi futbolçuların hələ tam uyğunlaşmadığını da etiraf edib: “Neftçi” kimi böyük klubda çalışıram, ətrafımdakı dostlar mətbuatı izləyib mənə tərcümə edirlər. Dili bilmədiyim üçün yaxından izləyə bilmirəm. Amma gələcəkdə yaxından izləməyə çalışacağam. Yeni gələnlərə uyğunlaşma prosesi elə də asan deyil. Bəzi çempionatlarda tələblər başqa olur, məğlubiyyətdən sonra tənqid çox olmur. Amma burada elə deyil”.
“Bizdə və Azərbaycanda legioner baxımından qaydalar oxşardır”
“Zenit”in baş məşqçisi Sergey Semak isə komandasının məğlubiyyətini belə şərh edib:
“Çox xoş ab-hava var idi. Azərbaycana səfərimizin, görüşün təşkilatçılığına görə, “Neftçi” rəhbərliyinə təşəkkür edirəm. Yaxşı, mübariz oyun oldu. Hər şeydən razı qaldıq. Oyun praktikası az olanlar və gənclər bu matçda iştirak etmək imkanı qazandılar.
Reziuan Mirzovun ikinci qolu çox gözəl alındı. Buna görə, onu təbrik edirəm. Gənc futbolçularımız həmin anda bunun qarşısını ala bilmədilər”.
19 il əvvəl Bakıya futbolçu kimi gəldiyini xatırlayan rusiyalı mütəxəssis Ruslan Abışovun vida matçına çıxması ilə bağlı da danışıb: “Ruslan Abışovun qolları və məhsuldar ötürmələri keyfiyyətli olub. Bunlar azarkeşlərin xatirəsində yadda qalacaq. O ki qaldı 19 il əvvəl burada olmağıma, Azərbaycana həmişə böyük məmnuniyyətlə gəlirəm”.
Çalışdırıcı “Neftçi”nin güclü tərəflərindən də bəhs edib: “Neftçi” ötən mövsüm Azərbaycan Premyer Liqasında 3-cü yeri tutub. Azərbaycanın ən populyar klublarından biridir. “Neftçi” və “Qarabağ” çox güclü klublardır. Digər klublar da güclənir. Azərbaycan millisinin son nəticələri ölkə futbolunun inkişafından xəbər verir. Bizdə və Azərbaycanda legioner baxımından qaydalar oxşardır. “Neftçi” ambisiyalı, güclü komandadır, avrokuboklarda çıxış edir. Belə klublarla əməkdaşlıq etmək bizim üçün xoşdur”.


