“Neftçi”nin baş məşqçisi Adrian Mutu Azərbaycan Premyer Liqasının 14-cü turunda “Araz-Naxçıvan”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, paytaxt təmsilçisinin rumın çalışdırıcısı 1:1 hesabıyla bitən matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Komandamın oyunundan razı qaldım. Bu gün çox bəxtsizlik oldu. Hesab 3:0, 4:0 olmalı idi, amma 1:1 oldu. Bəzən futbol səni cəzalandırır. Belə davam etməliyik, düzgün yoldayıq. Yaxşı dəyişikliklər etdik. Sonradan meydana daxil olanlar öz işlərini yaxşı yerinə yetirdilər. Son saniyələrdə “Araz-Naxçıvan”ın qapımıza vurduğu qola baxıb, bir daha analiz etdim. Fərqli prizmadan baxdım, TV-dən yox. Taktiki heç bir səhv yox idi. Çünki oyunçular meydanda düzgün mövqe seçmişdilər. Qəbul etmək lazımdır ki, rəqibin oyunçusu çox yaxşı asma etdi və qol da yaxşı alındı.
Bu gün sadəcə hesaba görə üzülürəm. Asanlıqla 3:0 qalib gələcəyimiz oyunu bir xalla bitirdik. Bu, adamı içəridən “yandırır”, adama toxunur. Hamınız oyuna baxdınız. Siz də qəbul edərsiniz ki, komanda yaxşı oynadı. Həftəboyu yaxşı məşq etdik, oyuna yanaşma da istədiyim kimi idi.
İdman direktorumuzla heyəti gücləndirmək barədə söhbətimiz olub. Komandanı necə yaxşılaşdıra biləcəyimiz haqqında hər gün düşünürük. Dekabrda bəzi dəyişikliklər olacaq”.
Adrian Mutu ayrı-ayrı futbolçuların performansından da söz açıb: “Lukas Melanodan düzgün reaksiya görürəm. Məşqlərdə də özünü yaxşı tərəfdən göstərir. Oynamağa layiq olduğunu sübut edir. Sadəcə, yaradılan qol epizodlarını reallaşdırmaq lazım idi. Yaxşı oynayır. İlk gündən deyirəm ki, epizodlarımızı qolla nəticələndirsək, çətin olmaz. Epizodları vura bilmirik deyə, çətinlik yaranır. Hücumçular bu gün öz üzərinə düşən işin çox hissəsini gördülər. Qol da vursaydılar, mükəmməl performans olardı.
Ömər Buludov zədədən yeni qayıdıb. Üç aydır ki, zədədən əziyyət çəkirdi. Ona vaxt lazımdır ki, əvvəlki formasını bərpa etsin. Fərid Yusifli ilə İsmayıl Zülfüqarlı da çox peşəkardır. Məşqlərini edirlər, işlərinə peşəkar yanaşırlar. Amma futboldur, rəqabət var”.
Azər Bağırov: “Milyonluq “Neftçi”yə qarşı oynayırdıq”
“Araz-Naxçıvan”ın baş məşqçisi Azər Bağırov isə heç-heçəni belə şərh edib:
“Uşaqlara əhsən düşür. İki oyunda uduzduqdan sonra toparlandılar və “Neftçi” kimi komandaya qarşı mübarizə apardılar. Mənim üçün bu heç-heçə qələbəyə bərabərdir. Məğlub da ola, qələbə də qazana bilərdik. Geri çəkilmək fikrim yox idi. Meydana qələbə qazanmaq üçün çıxmışdıq.
Problemlərdən danışan adam deyiləm, özüm həll edəcəyəm. Problemlər hər yerdə var. Maddi, texniki tərəfdən problemləri arxada qoymaq lazımdır. Bir yerdə işləyirsənsə, kənarda problemlərdən danışmaq peşəkarlığa sığmaz. Maddi məsələlərdə hər şey qaydasındadır”.
Azər Bağırov Azərbaycan millisinin baş məşqçisi postuna namizədlər arasında göstərilməsinə də münasibət bildirib:
“Bu barədə danışmaq istəməzdim. Rəhbərlik var. Hər bir azərbaycanlıya belə post verilərsə, onu canla-başla qəbul etməlidir və bacardıqca inkişaf etdirməlidir. Yerdə qalan şeylər bizim səlahiyyətlərimiz daxilində deyil. Hər şey burda həll olunmur”.


