Rəşad Sadıqov: “Çətin səfərdə 1 xal pis nəticə deyil”

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 14-cü turunda “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, o, 0:0 hesabıyla bitən matçdan sonra təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:

“Oyun sürətli başladı. Hər iki komanda hücuma üstünlük verirdi. Fasilədən sonra oyuna nəzarəti üzərimizə götürdük. Bununla da rəqibə kombinasiya yaratmağa imkan vermədik. Hücumlarımız oldu, amma çox təhlükəlili deyildi. İkinci hissədə meydanda taktiki savaş gedirdi. Son saniyələrə qədər gərgin oyun getdi. Belə matçlar futbolumuzun inkişafı üçün faydalıdır. Bir xal pis deyil. Çətin səfərdə idik. Üstünlüyümüz olsa da, qələbə qazana bilmədik”.

Rəşad Sadıqov Azərbaycan yığmasının indiki potensialı barədə suala da cavab verib: “Bir az çətin sualdır. Həmin gün rəqiblərin performansını da nəzərə almaq lazımdır. Belə ümumi cavab vermək düzgün deyil. Bəlkə də çox və ya az xal yığmaq olar. Burada məsələ az-çox xal yığmaqda deyil. Məsələ, düzgün yol seçib, həmin yolu getməkdədir. Uzunmüddətli plan tutulmalıdır. Yoxsa, görünən odur ki, illərimizi xərcləyirik. Yaxşı olardı ki, daha uzunmüddətli və daha uğurlu layihə olsun. Biz bunun bu gün də olmasa, 4-5 il sonra bəhrəsini görərik. Heyətimizə gəldikdə, 1-2 mövqedə rəqabət azdır, amma ümumi götürsək, heyətimiz yaxşıdır və onu bir çox oyunlarda gördük”.

“Sumqayıt”ın məşqçisi Mübariz Orucov isə heç-heçəni belə şərh edib:

“Futbolçularımı yaxşı oyuna görə təbrik edirəm. Azarkeşlərimiz də həmişəki kimi, möhtəşəm idilər. Ola bilər ki, rəqib birinci hissə ilə müqayisədə fasilədən sonra bir az daha fəal oynadı. İkinci hissə daha çox mübarizə ilə yadda qaldı. Uduzmamaq, qalib gəlmək istəyi futbolçularda gərginliyə gətirib çıxardı. Ola bilər ki, ona görə oyunumuzda eniş yaşandı. Amma “Zirə”nin aşkar üstün olması fikri ilə razılaşmıram”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: