Azərbaycan Premyer Liqasının 14-cü turunun “Qarabağ”la ev oyunu “Sabah”ın yarımmüdafiəçisi Namiq Ələsgərov üçün əlamətdar olub.
Arena.az xəbər verir ki, təcrübəli futbolçu Azərbaycan çempionatlarında 200-cü oyununu keçirib.
28 yaşlı yarımmüdafiəçi “Qarabağ”la ev matçına start heyətində çıxıb. O, 200 qarşılaşmada 38 qola imza atıb.
Namiq Premyer Liqada 2011/12 mövsümündə “Bakı”nın heyətində debüt edib. Yarımmüdafiəçi paytaxtın eyniadlı klubunda 19 (2 qol), “Qarabağ”da 25 (1 qol), “Kəpəz”də 15 (3 qol), “Neftçi”də 105 (29 qol), “Sabah”da 36 (3 qol) oyunda iştirak edib.
Xatırladaq ki, Namiq Ələsgərov Azərbaycan çempionatları tarixində 200 və daha çox matç keçirən 148-ci futbolçudur.
“Qarabağ”la matç “Sabah”ın digər futbolçusu Jesse Sekidika üçün də əlamətdar olub. 27 yaşlı sol cinah vingeri “bayquşlar”ın heyətində ilk qoluna imza atıb.
Sekidika bu ilin sentyabr ayından “Sabah”da forma geyinir. O, bu komandanın heyətində 10 oyun keçirib və 1 qolla yadda qalıb.
Nigeriyalı futbolçu daha öncə “Napredak”, “Əskişəhərspor”, “Eyüpspor”, “Konyaspor”, “Qalatasaray”, “Ümraniyəspor” və “Leuven” kimi klubların da formasını geyinib.


