Futzal üzrə Azərbaycan milli komandasının (U-19) baş məşqçisi İlqar Aslanov Mərakeş yığmasına qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, Bakıda AFFA-nın təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar beynəlxalq turnir keçirilir.
Bu gün növbəti oyununa çıxan 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi Mərakeşdən olan həmyaşıdlarına 1:5 hesabı ilə uduzub.
Oyunla bağlı komandamızın baş məşqçisi İlqar Aslanov Azərbaycan Futzal Federasiyasının rəsmi saytına açıqlamasında bunları deyib:
“Çətin oyun oldu. Uşaqlar mübarizə apardılar. Turnirdə iştirak edən komandalar güclüdürlər. Mərakeş millisi son illərdə inkişafda olan komandadır. Belarus yığmasını isə tanıyırıq, bir neçə dəfə qarşılaşmışdıq.
Yenə qeyd edirəm, bu cür turnirlər futzalçıların təcrübə toplaması, inkişafı baxımından əhəmiyyətlidir. Çalışırıq ki, gələcəkdə əsas millidə oynayacaq futzalçılar hazırlayaq”.


