Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynov Bolqarıstanın “Arda” komandasında növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, 20 yaşlı müdafiəçi Bolqarıstan çempionatının 19-cu turu çərçivəsində keçirilmiş Plovdiv “Botev”i ilə oyunun iştirakçısı olub.
Doğma meydanda baş tutan bu qarşılaşma “Arda”nın məğlubiyyəti ilə başa çatıb – 0:2.
Hüseynov bu görüşün 75-ci dəqiqəsində, hesab 0:1 olarkən meydana buraxılıb.
“Arda” ölkə çempionatında 19 turdan sonra 28 xalla 16 iştirakçı arasında 7-ci pillədə qərarlaşıb. Komandanın ehtiyatda təxirə salınmış daha bir oyunu var.
Xatırladaq ki, Cəlal Hüseynov Bolqarıstan təmsilçisi ilə bu il iyunun 12-də 3 illik müqavilə imzalayıb. “Arda” onu “Zirə”dən transfer edib. Azərbaycanlı futbolçu bu komandada 15 rəsmi oyuna çıxıb, 1 qol vurub.


