Futbol üzrə qadınlardan ibarət Azərbaycan milli komandasının yarımmüdafiəçisi Aysun Əliyeva Arena.az saytına müsahibə verib.
“Neftçi”nin üzvü olan futbolçu UEFA Millətlər Liqasında qazandıqları uğurdan danışıb, gələcək planlarından söz açıb:
- UEFA Millətlər Liqasında B Liqasına yüksəlməklə tarixi uğura imza atdınız. Bu münasibətlə sizi təbrik edirik. Millimizin seçmə mərhələdəki çıxışını necə dəyərləndirərdiniz?
- Bizim üçün ən uğurlu il və seçmə mərhələ oldu. Gələcəkdəki oyunlarda da eyni nəticələri verməyə çalışacağıq. Komanda olaraq möhtəşəm idik. Çünki hər kəs bütün məşqlərə formada qatılırdı və bunun nəticəsində də oyunlarda daha yaxşı tərəf biz olurduq.
- Bəs bu seçmə mərhələdəki öz çıxışınızı necə qiymətləndirirsiniz?
- Mən ana olduqdan sonra hələ tam da əvvəlki formamı yaxalaya bilmirəm. Ümid edirəm, zamanla əvvəlki formamı bərpa ed və yenidən əsas heyətdə çıxış edə bilərəm.

- Bu tarixi uğurunuzla hər kəsi sevindirməyi bacardınız. Bu uğurun sirri nədədir?
- Uğurun sirri çox istəmək, çox mübarizə və birlikdir. Biz komanda olaraq bunları doğrudan da yaxşı bacarırıq. Ona görə də bu nəticələri qazana bildik.
- B Liqasından çıxış etməyin üstünlükləri nələrdir? Ümumiyyətlə, daha güclü rəqiblərlə qarşılaşacağınızı nəzərə alsaq, gözləntiləriniz nədən ibarətdir?
- Bilirik ki, bu səbətdən daha güclü, təcrübəli rəqiblər ilə qarşılaşacağıq, amma buna baxmayaraq, yenə yaxşı çıxış edəcəyimizə inanıram.
- Ölkəmizdə qadın futbolu inkişaf mərhələsindədir. Gənc qızların futbola olan marağını necə qiymətləndirirsiniz?
- Gənc qızlar bizim gələcəyimizdir. Gənc qızların ümumiyyətlə futbol ilə yox, hansısa bir idman növü ilə məşğul olduğunu biləndə və görəndə çox sevinirəm.
Aysun Əliyeva: “Özümü məşqçi kimi görmürəm”
- Bəs sizi bu idman növü ilə məşğul olmağa hansı hadisə həvəsləndirmişdi?
- Qardaşıma baxıb həvəsə gəlmişəm, o da futbolçu idi. İndi hal hazırda futzal ilə məşğuldur.
- Daha öncə legioner həyatı yaşadığınızı, indi isə “Neftçi”də çıxış etdiyinizi nəzərə alsaq, arada çoxmu fərqlər var?
- Bəli, bizim çempionatımız digər çempionatlardan səviyyə baxımından çox fərqlənir. Təəssüf ki, hələ də çox geridəyik. Məncə, bizdə də “Neftçi” kimi 4-5 komanda olsaydı, daha keyfiyyətli liqa olardı.
- Futbol sizin həyatınızın hansı hissəsindədir? Vaxtınızın neçə faizini futbola həsr edirsiniz?
- Həyatımın əsas hissəsi hazırda Amin və Amirdir, amma futbolu da çox sevirəm. Günümün yarısını da futbola ayırmağa çalışıram.

- Həyat yoldaşınız Amin Seydiyevlə necə tanış olmusunuz?
- AFFA-da çox vaxt bir-birimizi görürdük. Bir də bizim çempionat oyunları Qəbələdə olurdu, mən o vaxt “Neftçi”də çıxış edirdim. Oyunlara gedib gələndə həmişə qarşılaşırdıq.
- Evdə yəqin ki, daha çox futboldan danışırsınız. Qadınlardan ibarət millimizin bu uğuru Amini qısqandırmır?
- Yox. Hamı bu sualı verir. Niyə qısqansın? Sevdiyi insanın uğurunu məncə, heç bir insan qısqanmaz. Əksinə, hər uğuruma çox sevinir və çox dəstək olur.
- Gələcək planlarınız nələrdir? Nə vaxta kimi futbol oynamağı düşünürsüz? Karyerarınızı bitirdikdən sonra məşqçi kimi çalışmaq planlarınız da varmı?
- Gələcək haqqında heç vaxt plan qurmağı sevmirəm. Hələ ki, bu günün dadını çıxardıram. Oynayıram, hara kimi davam edəcəm, bilmirəm. Özümü məşqçi kimi görmürəm. Bəlkə təklif olsa, “CBC Sport”da idman xəbərçisi kimi işləyərəm.

Söhbətləşdi: Zəhra Həsənova


